“Ermənistanın revanşist qüvvələri reallığı nəzərə almır” - AÇIQLAMA

23 Sentyabr 2026 16:13 (UTC+04:00)

"Ermənistandakı radikal müxalifət liderlərinin Azərbaycanla müharibə ehtimalı barədə açıqlamaları mövcud reallıqlar fonunda ciddi suallar yaradır. Onlar Azərbaycanla müharibəyə başlamaq üçün hansı hərbi və siyasi imkanlara malikdirlər? Azərbaycan öz torpaqlarını azad edib, əhalisinin sayı 10 milyona yaxındır və Türkiyə ilə müttəfiqdir. Türkiyənin əhalisi isə təxminən 85 milyondur. Əhalisi 3 milyondan bir qədər çox olan Ermənistanın 95 milyonluq iki ölkəyə qarşı müharibə aparmaq iddiası nə dərəcədə realdır? Azərbaycana qarşı hər hansı təhdid yaranarsa, ölkəmiz buna özü cavab vermək gücündədir. Eyni zamanda, Türkiyə də proseslərdən kənarda qalmayacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Qeyd edək ki, Qarabağda 2023-cü ilədək mövcud olmuş qondarma qurumun keçmiş “komandanı” Arkadi Karapetyanın Azərbaycanla müharibə ehtimalı və Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər regionda siyasi proseslər fonunda diqqət çəkir. O, Azərbaycanın Ermənistanın bütün ərazisini ələ keçirmək niyyətində olduğunu iddia edib, eyni zamanda Rusiyanı Qarabağı ermənilərə qaytarmağa çağırıb. Karapetyanın bu bəyanatları Ermənistan daxilində revanşist yanaşmaların mövcudluğu və Rusiyanın Cənubi Qafqazdakı gələcək siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Siyasi şərhçi qeyd edib ki, səsləndirilən fikirlər mövcud reallıqlar fonunda əsassız görünür.

"Azərbaycan və Ermənistan hazırda sülh quruculuğu prosesindədir. Bununla belə, Ermənistanda hər zaman təxribatçı qüvvələrin mövcud ola biləcəyini də nəzərə almalıyıq. Paşinyan hakimiyyəti dəyişərsə və sülh sazişi imzalandıqdan sonra gələcək hakimiyyət həmin sənədi ləğv edərsə, bu, avtomatik olaraq müharibə demək olacaq. Belə bir vəziyyətdə Ermənistanın özü də ağır nəticələrlə üzləşə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az