"ABŞ-İran qarşıdurmasının hazırkı mərhələdə başa çatması görünmür. Yaxın perspektivdə hər hansı sazişin imzalanması da real görünmür. Tərəflərin mövqeləri və yanaşmaları kifayət qədər sərtdir. Xüsusilə İran Prezidenti hesab edir ki, ABŞ İrana təcavüz edib və bu proses nəticəsində açar siyasi fiqurlar aradan götürülüb. Tehran ABŞ-nin Hörmüz boğazı ilə bağlı addımlarını qəbul etmək niyyətində deyil. Vaşinqton da kifayət qədər sərt mövqe nümayiş etdirir. Bununla yanaşı, Donald Tramp tərəfindən müxtəlif bəyanatlar səsləndirilir. Onlardan birində ABŞ prezidentinin Konqres seçkilərindən, yəni noyabrın 3-dən sonra bu məsələyə qayıdacağı bildirilir. Lakin Vaşinqtonun bundan sonra hansı təklifləri irəli sürəcəyi və hansı addımları atacağı hələlik açıqlanmır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.

Qeyd edək ki, ABŞ-İran qarşıdurmasının taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Hərbi qarşıdurmanın dayandırılması və tərəflər arasında siyasi dialoqun mümkün olub-olmayacağı ilə bağlı müxtəlif ssenarilər gündəmə gətirilir. Vaşinqtondan da münaqişənin sona çatdırılması istiqamətində müəyyən variantların nəzərdən keçirildiyinə dair mesajlar səslənir. ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı mümkün addımların müzakirə olunduğunu bildirib. Hazırkı vəziyyətdə əsas diqqət mümkün razılaşmanın ABŞ-nin xarici siyasətinə və regiondakı strateji mövqeyinə hansı təsirləri göstərə biləcəyinə yönəlir.
Siyasi şərhçi qeyd edib ki, hazırkı vəziyyəti şahmat dili ilə ifadə etsək, tərəflər arasında pat vəziyyəti yaranıb.
"Yəni hələlik nə məğlub olan, nə də qalib gələn tərəf var. ABŞ böyük və güclü dövlətdir. Vaşinqton tərəfindən yeni hücumların həyata keçirilməsi, raket və dronlardan, eləcə də hərbi-dəniz qüvvələrindən istifadə edilməsi mümkündür. Lakin ABŞ anlayır ki, bu addımlar onun öz maraqlarına da müəyyən zərər vura bilər. Buna görə də atılacaq addımların Vaşinqton üçün müsbət nəticələr verməsi vacibdir. Hazırda isə həmin nəticələrin necə əldə ediləcəyi aydın deyil. Bu baxımdan vasitəçilərin fəallığı və diplomatik səylərin artırılması zəruridir. Vaxtilə İslamabad Memorandumu imzalanmışdı. Lakin sonrakı proseslər nəticəsində həmin razılaşma faktiki olaraq öz əhəmiyyətini itirib. Buna görə də bu istiqamətdə yeni diplomatik addımların atılmasına ehtiyac var. Nəticə etibarilə, proses müəyyən dərəcədə ABŞ-dən, xüsusilə Vaşinqtonun siyasi iradəsindən, diplomatik çevikliyindən və hərbi potensialından nə dərəcədə peşəkar şəkildə istifadə etməsindən asılıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az