Züqanovun sərt çıxışı Rusiyada hansı narazılığı üzə çıxardı?

23 Sentyabr 2026 18:33 (UTC+04:00)

"Kommunist Partiyası Rusiyada həm daxili, həm də xarici siyasi proseslərə təsir göstərmək üçün istifadə olunan strukturlardan biridir. Faktiki olaraq, hakimiyyətə ehtiyac yarandıqda bu partiyadan siyasi alət kimi istifadə edilir. Bunun əsas səbəblərindən biri Kommunist Partiyasının Rusiyada seçkilərdə ənənəvi olaraq ikinci yerdə qərarlaşması, bəzi hallarda isə hakim partiyanın əsas siyasi rəqiblərindən biri olmasıdır. Eyni zamanda, Rusiya hakim elitası xarici ölkələrdə müəyyən narahatlıq yaratmaq üçün kommunistlərin yenidən hakimiyyətə gələ biləcəyi və ya ölkənin Qərbə qarşı fərqli siyasi kurs seçə biləcəyi ehtimalından da istifadə edir. Bu baxımdan, Kommunist Partiyası uzun müddətdir ki, müəyyən mənada qorxu vasitəsi kimi təqdim olunur. Ona görə də partiya rəhbərinin son açıqlamalarını təsadüfi hesab etmək düzgün olmaz. Bu açıqlamalar Rusiyanın daxili siyasi elitasında müəyyən fikir ayrılıqlarının mövcudluğundan xəbər verə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Qeyd edək ki, Rusiyada Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda ölkənin daxili siyasi və iqtisadi vəziyyəti ilə bağlı tənqidi açıqlamalar diqqət çəkir. Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov hazırkı siyasi kursun dəyişdirilməsinin vacibliyini vurğulayaraq, müharibənin uzanmasının ölkə üçün mənfi nəticələrə səbəb ola biləcəyini bildirib. O, eyni zamanda Rusiyanın iqtisadi artım tempini, texnoloji inkişaf səviyyəsini və oliqarxların sərvətinin artmasını tənqid edib. Bu açıqlamalar fonunda Züqanovun mövqeyinin Rusiyanın daxili siyasi mühitində nə ifadə etdiyi, müharibənin siyasi elita və iqtisadi dairələrə təsiri, eləcə də Kremlin mövcud kursuna münasibətdə mümkün dəyişikliklər məsələsi gündəmə gəlir.

Siyasi şərhçi qeyd edib ki, hazırda Rusiyada müharibənin dayandırılmasına dair çağırışlar və bu istiqamətdə səsləndirilən fikirlər getdikcə artır.

"Kommunist Partiyasının da bu müzakirələrə qoşulması diqqət çəkir. Burada təkcə müharibə məsələsi deyil, eyni zamanda Rusiyanın iqtisadi inkişafı, Qərbdən texnoloji və iqtisadi baxımdan geri qalması, eləcə də oliqarxların sərvətlərini ölkədən çıxarması kimi məsələlər də tənqid olunur. Lakin bütün bunların müəyyən mənada görüntü xarakteri daşıması ehtimalını da nəzərə almaq lazımdır. Çünki Rusiyada siyasi proseslərə təsir göstərən əsas qruplar arasında biznes və maliyyə elitası, eləcə də güc strukturlarına bağlı siloviklər xüsusi yer tutur. Biznes və maliyyə elitası ənənəvi olaraq Qərblə iqtisadi əlaqələrdə maraqlı olub. Siloviklər isə daha çox milli maraqlar, millətçi siyasət və sərt xarici siyasət xətti ilə əlaqələndirilirlər. Şərqə yaxınlaşma və anti-Qərb siyasəti də əsasən bu dairələr arasında geniş yayılıb. Siloviklər daxilində də müxtəlif qruplar arasında fikir ayrılıqlarının olduğu müşahidə edilir. Xüsusilə Federal Təhlükəsizlik Xidməti (FSB) ilə orduya bağlı dairələr arasında müəyyən rəqabət və qarşıdurmanın mövcudluğu barədə müzakirələr aparılır. Rusiyaya qarşı sanksiyaların artması və ölkənin iqtisadi təzyiqlərlə üzləşməsi fonunda hakimiyyət daxilində narazılıqların da güclənməsi mümkündür. İqtisadi və maliyyə itkilərinin artması ölkə daxilində siyasi hakimiyyətə yönələn təzyiqləri də artırır. Təsadüfi deyil ki, bu yaxınlarda Rusiyada radikal millətçi ideologiyanın əsas simalarından biri hesab edilən Aleksandr Duqin də açıq şəkildə müharibənin dayandırılması ilə bağlı müzakirələrə toxunub. O, biznes elitasının müharibənin başa çatmasında maraqlı olduğunu, çünki bu prosesdən ciddi zərər görmədiyini və gəlir əldə etməyə davam etdiyini bildirib. Duqin eyni zamanda Putinin ətrafındakı şəxslərin birləşərək qələbəyə qədər mübarizəni davam etdirməli olduqları fikrini vurğulayıb. Onun fikrincə, biznes elitası da müharibənin maliyyə yükünü daşımalı, hətta öz vəsaitlərinin bir hissəsini bu məqsədlə sərf etməlidir. Duqinin bu açıqlamalarından sonra Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovun da oxşar məzmunlu fikirlər səsləndirməsi diqqət çəkir. Bu, Rusiyanın biznes və maliyyə elitası daxilində müharibənin uzanmasından, ölkənin iqtisadi vəziyyətinin pisləşməsindən və maliyyə imkanlarının azalmasından narazılığın artdığını göstərə bilər. Ola bilsin ki, müəyyən dairələr Züqanovun dili ilə bu narazılığı daha açıq şəkildə ictimaiyyətə çatdırmağa çalışırlar. Bu baxımdan, onun hazırkı çağırışları Rusiyanın hakim siyasi komandası daxilində fikir ayrılıqlarının mövcudluğunu üzə çıxara bilər. Eyni zamanda, Rusiya rəhbərliyində müharibənin dayandırılması istiqamətində müəyyən addımlar atmağa hazır olan şəxslərin mövcudluğu da istisna edilmir. Züqanovun açıqlamaları həmin dairələr üçün cəmiyyətdə və siyasi elita daxilində müharibənin başa çatmasına yönələn çağırışların mövcudluğunu əsaslandırmaq baxımından əhəmiyyət daşıya bilər. Kommunist Partiyası, biznes elitası və digər siyasi qrupların bu istiqamətdə mövqelərini ifadə etməsi müəyyən siyasi ehtiyacın yarandığını göstərir. Bununla belə, Rusiyada ictimai rəy hazırkı mərhələdə həlledici amil hesab olunmaya bilər. Müharibənin yaratdığı çətinliklərə baxmayaraq, əhalinin müəyyən hissəsi hakimiyyətin hərbi siyasətini dəstəkləməkdə davam edir. Digər tərəfdən, hazırda seçki-siyasi müstəvidə Vladimir Putin və hakim partiya üçün ciddi alternativin olmadığı müşahidə edilir. Bu səbəbdən, Züqanovun və Duqinin açıqlamalarını daha çox hakim siyasi elita daxilindəki mübarizənin, fikir ayrılıqlarının və narazılıqların ifadəsi kimi qiymətləndirmək olar. Faktiki olaraq, bu çağırışlar hakim elitanın diqqətinə müharibə tərəfdarı olan dairələr daxilində də müəyyən narazılıqların mövcudluğunu çatdırır".

Rəfiqə Namazəliyeva,

AzNews.az