Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.
Nazirlikdən AzNews.az-a verilən məlumata görə, 8 ayda pensiyalar üzrə 5 milyard 222 milyon manat, müavinətlər üzrə 961 milyon manat, təqaüdlər üzrə 542 milyon manat, ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.
Qeyd olunub ki, bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.