Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb

24 Sentyabr 2026 11:26 (UTC+04:00)

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib-22 nəfər saxlanılıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və digər xidmət sahələrinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində keçirilən tədbirlər zamanı ümumilikdə 22 motosiklet sürücüsü saxlanılıb.

Araşdırmalarla onlardan 2 nəfərin narkotik vasitənin təsiri altında motosiklet idarə etdiyi müəyyən olunub. Həmin şəxslər barəsində müvafiq materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Digər 20 şəxsin isə sürücülük hüququ, eləcə də dövlət qeydiyyat nişanı olmadan motosiklet idarə etdikləri müəyyən edilib. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi, bu kimi qanunazidd halların qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.