Azərbaycanda Elm Fondu var. Bu fond təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Sözügedən publik hüquqi şəxs o qədər "şəffaf" fəaliyyət göstərir ki, icraçı direktorunun adını qurumun rəsmi saytındakı struktur bölməsində tapmaq mümkün deyil.
Süni İntellekt əsaslı Google alətləri bildirir ki, qurumun icraçı direktoru Mehriban İmanovadır. O, 2019-cu ildə Elmin İnkişafı Fonduna, 2022-ci ildə Elm Fonduna icraçı direktor təyin edilib.
Başqa sözlə, Mehriban İmanovanın fondun fəaliyyəti haqqında ictimaiyyəti bilgiləndirmək üçün zəruri olan ilkin tədbirlər görmək üçün kifayət qədər vaxtı olub. Ancaq icraçı direktor bir publik hüquqi şəxsə rəhbərlik etdiyini o qədər unudub ki, Fondun son 3 il ərzində maliyyələşdirdiyi layihələr barədə saytan məlumat almaq mümkün deyil.
Belə ki, saytdakı “bitmiş layihələr” kateqoriyasına son məlumat 2023-cü ildə yerləşdirilib.
Sentyabrın 17-də sayt rəsmi şəkildə elan edib ki, keçirilən “Əsas Qrant Müsabiqəsi- 2026”-nın nəticələri açıqlanıb.
Məlumata görə, müsabiqəyə ümumilikdə 192 layihə təqdim olunub:
"Layihələrin qiymətləndirilməsi Azərbaycan Elm Fondunun daimi və müstəqil elmi ekspertləri tərəfindən beynəlxalq təcrübədə qəbul edilmiş “peer-review” və “merit review” prinsipləri əsasında həyata keçirilib".
22 layihə müsabiqənin qalibi elan edilib.
Verilən linkə keçdikdə məlum olur ki, 22 layihənin hər birinə 120 min manat vəsait ayrılıb.
Onlardan yalnız ikisi birbaşa və ya dolayı şəkildə tarixlə bağlıdır.
Bir layihə üzrə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəni, etno-mədəni irs resurslarının məkan analizi və turizm potensialının qiymətləndirilməsi” aparılacaq.
Sözügedən layihə şəxsən məndə müəyyən suallar doğurur. İlkin təəssüratıma görə, layihənin adında uyğunsuzluq var. Belə ki:
• Tarixi və etno-mədəni irs tarix, etnologiya, arxeologiya və kulturologiyanın tədqiqat obyektidir.
• Turizm potensialının qiymətləndirilməsi isə, daha çox iqtisadiyyat, menecment, marketinq məsələsidir.
Odur ki, marağıma səbəb oldu: görəsən, bu layihə “peer-review” və “merit review” prinsipləri əsasında qiymətləndiriləndə hansı elmi meyarlar əsas götürülüb?
Layihənin tarix və etnologiya, mədəni irs, məkan analizi və turizm üzrə müxtəlif elmi istiqamətləri eyni vaxtda əhatə etdiyi nəzərə alsaq, ekspertlərin müvafiq elmi kompetensiyaya malik olub-olmaması, layihənin əsas elmi nəticəsinin və metodologiyasının necə müəyyənləşdirilməsi, həmçinin nəzərdə tutulan nəticələrin ayrılmış maliyyə və icra müddəti ilə uyğunluğunun hansı meyarlarla qiymətləndirilməsi ictimaiyyət üçün açıqlanmalıdır.
Digər layihə “Qarabağ və Şərqi Zəngəzurun xristian dini inzibati mərkəzlərində tarixi, arxeoloji və etnoloji tədqiqatlar (Gəncəsər, Xudavəng, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastr kompleksləri əsasında)” adlanır.
AMEA-nın Tarix və Etnologiya İnstitutu artıq bəyan edib ki, layihənin adı elmi baxımdan səhvdir. Belə ki, adı çəkilən komplekslərin heç də hamısı dini inzibati mərkəz olmayıb.
AMEA-nın Tarix və Etnologiya İnstitutu Fonddan onu da soruşur ki, bu layihəni kim həyata keçirəcək?
Çünki Tarix və Etnologiya İnstitutunun əməkdaşları Fondun cari müsabiqəsinə 8 layihə təqdim edib, heç biri maliyyələşməyib. Həqiqətən də maraqlıdır: əgər tarixi və etnoloji tədqiqatları AMEA-nın ixtisaslaşmış alimləri aparmayacaqsa, bəs kim aparacaq?
Artıq məlumunuzdur ki, AMEA-nın Tarix və Etnologiya İnstitutunun alimləri Prezidentə müraciət edib və Elm Fondunun ünvanına kəskin ittihamlar irəli sürüblər.
İllərdir QHT sektorunda da fəaliyyət göstərən, yüzlərlə layihə yazmış bir şəxs olaraq, sözün açığı, tarixçi alimlərin müraciətdə səsləndirdiyi arqumentlər mənə daha haqlı görünür.
Elm Fondunun icraçı direktoru bu arqumentlərin qarşısına necə çıxacaq, doğrusu, bilmirəm.
Amma onu bilirəm ki, dövlət vəsaiti hesabına maliyyələşən qrant müsabiqələri ictimai etimad prinsipi ilə idarə olunmalıdır.
Odur ki, Azərbaycan tarixçilərinin təqdim etdiyi 8 layihənin hamısına imtina cavabı verilməsi ciddi suallar doğurur. Bu suallara "uyğun hesab edilmədi" tipli ümumi cavablar vermək, elə Fondun açıqladığı qiymətləndirmə standartlarına uyğun deyil.
O da məchuldur ki, məsələn, “Hemodinamik membranların ekoloji adaptiv yaşıl səth mühəndisliyi” layihəsi və “Cənubi Xəzər çökəkliyinin böyük dərinliklərində müasir elmi üsulların tətbiqi ilə karbohidrogen yataqlarının kəşfiyyatının və ehtiyatlarının qiymətləndirilməsi” layihəsinə niyə eyni məbləğdə vəsait ayrılıb? Sadə məntiq onu deyir ki, bu iki layihənin smetası heç bir halda üst-üstə düşə bilməz.
Şəxsən bir vətəndaş olaraq mənim üçün Elm Fondunun müsabiqəsində hansı layihənin qalib gəlməsinin, hansı alimin pul udmasının heç bir fərqi yoxdur. Lakin Azərbaycan Elm Fonduna etimadın qorunması toplumsal bir bir məsələdir. AMEA Tarix və Etnologiya İnstiutunun açıqlamasından bəlli olduğu qədər, alimlər bu fonda heç bir etimad bəsləmirlər. Açıqlamada deyilir:
“Azərbaycan Elm Fondu dövlətin və elmi ictimaiyyətin ona olan etimadını doğrultmur. Bunu əsas tutaraq fondun son dövrdəki fəaliyyətinin ciddi şəkildə araşdırılmasına, onun işində şəffaflığın və aşkarlığın təmin edilməsinə ehtiyac vardır”.
Obyektivlik naminə onu da qeyd edim ki, ilkin təəssüratlarıma əsasən, AMEA-nın Tarix və Etnologiya İnstitutunun alimlərinin təqdim etdiyi layihələrin heç də hamısı aktual görsənmir. Ancaq onlardan biri- “Azərbaycan tarixinə dair xarici arxiv mənbələri əsasında rəqəmsal mənbəşünaslıq platformasının yaradılması” layihəsi son dərəcə cəlbedicidir. Belə ki, Süni İntellekt dövründə Azərbaycan tarixinin datalarının rəqəmsallaşdırılması bizə hava və su kimi lazımdır.
Ancaq müşahidə olunan qədər, Elm Fondunda hələ də Ramiz Mehdiyev abu-havası hökm sürür.
Bunu heç də konyuktur məqsədlərlə demirəm.
Qurumun rəsmi saytında “Fondun strukturu” bölməsində iki alt kateqoriya var və birincisi sədri Ramiz Mehdiyev olan “Himayadərlar Şurası”dır. Halbuki Fondun rəsmi nizamnaməsində belə bir qurum ümumiyyətlə mövcud deyil.
Ramiz Mehdiyevdən söz düşmüşkən, AMEA-nın sabiq prezidentinin həmin vəzifədən uzaqlaşdırılması üçün Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov qətiyyətli mövqe ortaya qoymuşdu.
Əcəba, kimlərsə indi Kərim Şükürovun direktoru olduğu institutdan Ramiz Mehdiyevin qisasını alır?
Bu da maraqlı sualdır!
Taleh ŞAHSUVARLI