“İranın resursları tükənməyib, danışıqlar uzana bilər - AÇIQLAMA

24 Sentyabr 2026 13:36 (UTC+04:00)

"İstənilən danışıqlarda nəticə əldə etmək üçün müəyyən şərtlərin formalaşması vacibdir. Söhbət müharibə aparan və ya qarşıdurma vəziyyətində olan dövlətlərdən gedirsə, tərəflərdən ən azı birinin müəyyən sahələrdə üstünlüyə malik olması danışıqların nəticəsinə ciddi təsir göstərir. Bu il ABŞ, İsrail və İran arasında baş verən müharibədə tərəflərdən heç birinin digərinə qarşı açıq üstünlük əldə etməməsi danışıqlar prosesini çətinləşdirib. Bu səbəbdən diplomatik danışıqlarda tərəflərin bir-birinə qarşı irəli sürdüyü tələblərin reallaşdırılması üçün kifayət qədər təsir imkanları məhdud olaraq qalır. Hazırda ABŞ, İsrail və İran bir-birinə maksimum tələblər irəli sürür".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.

Qeyd edək ki, İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları diplomatik gündəmdə əsas məsələlərdən biri olaraq qalır. Tərəflərin danışıqların mümkün bərpası ilə bağlı fərqli şərtlər irəli sürməsi Tehran–Vaşinqton xəttində qarşılıqlı etimad problemini ön plana çıxarır. İran hərbi təzyiqin azaldılmasını və diplomatik yanaşmanın ortaya qoyulmasını vacib hesab etdiyi halda, ABŞ İranın nüvə silahına sahib olmasının qarşısının alınmasını əsas prioritetlərindən biri kimi təqdim edir. Bununla yanaşı, Yaxın Şərqdə davam edən gərginlik də nüvə məsələsi ətrafında diplomatik prosesin gələcəyinə təsir edən amillərdən biri kimi qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, tərəflərin qarşı tərəfi irəli sürülən tələbləri qeyd-şərtsiz qəbul etməyə məcbur etmək üçün kifayət qədər təzyiq imkanları yoxdur.

"Bu isə danışıqların uzanmasına və bəzi hallarda diplomatik prosesin yenidən hərbi qarşıdurma müstəvisinə keçməsinə səbəb olur. ABŞ üçün əsas məsələlərdən biri İranın nüvə proqramı ilə bağlıdır. Bununla yanaşı, Vaşinqton üçün digər mühüm məsələlər də mövcuddur. İqtisadi sanksiyaların və sosial təzyiqlərin İran daxilində ciddi dəyişiklik yaratmadığı, hərbi qarşıdurmada tərəflərdən birinin həlledici üstünlük əldə etmədiyi və İranın iqtisadi-maliyyə resurslarının tam tükənmədiyi şəraitdə danışıqların uzanması mümkündür. Prosesin uzanmasının digər mühüm səbəblərindən biri də ABŞ-nin region siyasəti ilə bağlı yanaşmaların tam şəkildə uzlaşmamasıdır. Tramp administrasiyası daxilində və ABŞ ilə Avropa arasında Yaxın Şərqdəki proseslərə dair müəyyən fikir ayrılıqları mövcuddur. Böyük Britaniya faktorunu da nəzərə almaq lazımdır. Tramp administrasiyasının Yaxın Şərq, Qəzza, Suriya və İranla bağlı məqsədlərinə yalnız birtərəfli şəkildə nail olması real görünmür. Bu baxımdan, ABŞ və Böyük Britaniya arasında daha sıx koordinasiyanın və dialoqun vacibliyi artır".

Rəfiqə Namazəliyeva,

AzNews.az