​ Abşeron Milli Parkının qorunmasında vətəndaşlar da fəal iştirak etməlidir - İŞ sədri

16 İyul 2026 16:21 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov: "İctimai iştirakçılıq üçün mexanizmlər mövcuddur"

- Amin bəy, QHT-lər Abşeron Milli Parkının qorunmasına necə töhfə verə bilər?

- Abşeron Milli Parkının qorunması, əlbəttə ki, yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu prosesdə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları da mühüm rol oynayır. QHT-lər ekoloji maarifləndirmə, ictimai nəzarət, monitorinq və əhalinin bu prosesə cəlb olunması istiqamətində fəaliyyət göstərməklə milli parkın qorunmasına töhfə verə bilərlər.

- Parkın idarə olunmasında ictimai iştirakçılıq sizcə kifayət qədərdirmi?

- İctimai iştirakçılıq baxımından müəyyən imkanlar yaradılıb. “İctimai iştirakçılıq haqqında” qanuna əsasən, mərkəzi və yerli icra qurumlarının nəzdində ictimai şuralar fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri sırasında fəal vətəndaş cəmiyyəti nümayəndələri də yer alır. Onlar nazirliyin müvafiq strukturları ilə əməkdaşlıq edir, milli parkların və digər xüsusi mühafizə olunan ərazilərin qorunması ilə bağlı monitorinqlərdə, iclas və tədbirlərdə iştirak edir, öz təkliflərini təqdim edirlər. Bu baxımdan, ictimai iştirakçılıq üçün mexanizmlər mövcuddur.

- Dövlət–QHT əməkdaşlığını gücləndirmək üçün hansı addımlar lazımdır?

- Dövlət- QHT əməkdaşlığının gücləndirilməsi üçün birgə layihələrin sayının artırılması, QHT-lərin monitorinq və maarifləndirmə fəaliyyətlərinə daha geniş cəlb olunması, ekspert və vətəndaş cəmiyyəti nümayəndələrinin qərarların müzakirəsində iştirakının genişləndirilməsi vacibdir. Eyni zamanda, ətraf mühitin qorunması ilə bağlı QHT layihələrinin qrant mexanizmləri vasitəsilə dəstəklənməsi bu əməkdaşlığın daha səmərəli qurulmasına imkan verə bilər.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.