“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli: "Müəyyən bataqlıq ərazilərində quruma halları mümkündür"
- İqlim dəyişikliyi Abşeron Milli Parkına necə təsir göstərir?
- Abşeron Milli Parkı Xəzər dənizinin sahilində yerləşdiyi üçün iqlim dəyişikliklərindən müəyyən qədər təsirlənir. Xüsusilə yüksək temperaturun artması və quraqlıq parkın ekosisteminə təsir göstərə bilər. Bataqlıq ərazilərində quruma halları müşahidə oluna, bu isə həmin ərazilərdən asılı olan canlıların yaşayış mühitinə təsir göstərə bilər. Bununla belə, hazırda Abşeron Milli Parkını iqlim dəyişikliyindən ən ciddi təsirlənən ərazilərdən biri hesab etmək olmaz. Parkın dövlət tərəfindən qorunması və xüsusi mühafizə olunan ərazi statusuna malik olması burada ekosistemlərin və biomüxtəlifliyin qorunmasına imkan verir. Köçəri quşlar və digər canlılar üçün də yaşayış mühiti müəyyən qədər qorunub saxlanılır.
- Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər park üçün hansı riskləri yaradır?
- Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Abşeron Milli Parkına müəyyən təsirlər göstərə bilər. Dəniz geri çəkildikcə sahil xətti dəyişir və bu proses parkın sahil ərazilərinə, xüsusilə su-bataqlıq ekosistemlərinə təsir göstərə bilər. Lakin hazırda dənizin geri çəkilməsi Milli Park üçün katastrofik nəticələr yaradacaq səviyyədə deyil. Müəyyən quraqlıq və bataqlıq ərazilərində quruma halları mümkündür. Bununla yanaşı, park dövlətin nəzarətində olduğu üçün yaranan risklərin monitorinqi və zəruri tədbirlərin görülməsi mümkündür. Əsas ciddi problemlər isə Milli Parkdan kənarda, Abşeron yarımadasının digər sahil ərazilərində müşahidə olunur. Sahilboyu tikililər, restoranlar və digər obyektlər vəhşi təbiətin yaşayış mühitinə daha ciddi zərbə vurub.
- Parkın iqlim dəyişikliklərinə uyğunlaşması üçün nə edilməlidir?
- İqlim dəyişikliyi davam etdikcə onun təsirlərini tamamilə aradan qaldırmaq mümkün deyil. Buna görə də əsas məqsəd Milli Parkın ekosistemlərini qorumaq və baş verən dəyişiklikləri daim izləmək olmalıdır. Bunun üçün park ərazisində mütəmadi ekoloji monitorinq aparılmalı, su-bataqlıq ərazilərinin vəziyyəti, biomüxtəliflik, quşların miqrasiyası və digər ekosistem dəyişiklikləri nəzarətdə saxlanılmalıdır. Lazım gəldikdə, dövlət tərəfindən əlavə mühafizə və bərpa tədbirləri həyata keçirilməlidir. Hazırkı vəziyyətə görə isə Abşeron Milli Parkı ilə bağlı ciddi həyəcan təbili çalmağa ehtiyac yoxdur. Təbiətin özünü müəyyən qədər tənzimləmək qabiliyyəti var və hazırda vəziyyətə daha təmkinli yanaşmaq lazımdır.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.