Abşeron florasında 678 növ var - Botanik

13 Avqust 2026 17:04 (UTC+04:00)

Botanika İnstitutunun“ Geobotanika” şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadiq Qarayev: "Ekoloji amillərin kəskin dəyişməsi bitki qruplarında formalaşmış strukturu pozur"

- Sadiq müəllim, Milli Parkın ən qiymətli bitki növləri hansılardır?

- Abşeron Milli Parkı, bildiyimiz kimi, Bakı şəhərində yerləşir və Abşeron yarımadasının cənub-şərqində 783 hektar ərazini əhatə edir. Soruşa bilərsiniz ki, bu parkın yaradılmasının zərurəti nədən ibarətdir? Abşeron yüksək antropogen təzyiq altında olan ərazidir. Son vaxtlar Bakının inkişaf etməsi səbəbindən buradakı flora və fauna aləmi antropogen təzyiqlərə məruz qalmışdır. Ümumiyyətlə, Abşeronun təbii bitki-flora aləmi, eyni zamanda fauna aləmi təbii növlər baxımından o qədər də zəngin deyil. O baxımdan burada olan bitkiləri qorumaq zərurəti yaranmışdır. Sahilyanı və yarımsəhra xüsusi ekosistemlərdir və onlar qorunmalıdır. Nadir və təhlükə altında olan növlərin qorunması zərurəti var. Ümumiyyətlə, Xəzər sahilinin bütün ekosistemlərini qorumaq lazımdır. Abşeron florası ümumilikdə 678 növlə təmsil olunur. Bunun 130-u təbii növdür, qalanı isə mədəni floraya introduksiya edilmiş növlərdir.

- Abşeron yarımadasında bitki örtüyünə əsas təhlükələr nədir?

- Bu saat dünyada müzakirə olunan məsələlərdən biri də qlobal iqlim dəyişiklikləridir. Bu iqlim dəyişiklikləri təkcə temperatur tərəddüdü ilə müşahidə edilmir. Məsələn, iqlim tədqiqatçıları son illərdə temperaturun Azərbaycan üzrə 1,4 dərəcə dəyişdiyini qeyd edirlər. Sözsüz ki, bu, bütün zonalarda bitkilərə təsir edir. Amma təkcə söhbət temperatur dəyişikliyindən getmir. İndi artıq bunun adını qlobal istiləşmə yox, qlobal iqlim dəyişikliyi qoyurlar. Çünki burada fəsillərin sürüşməsindən söhbət gedir. Fəsillərin keçidi hiss olunmayacaq dərəcədə dəyişir, xüsusən Abşeronda bu hal müşahidə olunur. Erkən yazda quraqlıq keçir, yazdan yaya keçid dövründə güclü yağışlar olur. Bu il də bu müşahidə olunmuşdur. Güclü küləklər, spesifik olmayan, mövsümə uyğun olmayan güclü küləklər də müşahidə edilir. İqlimin bu cür dəyişməsi, iqlimin bütün parametrləri üzrə- istər temperatur, rütubət, küləklər, həm vaxtının dəyişməsi, həm sürətinin dəyişməsi, yəni miqdarının, kəmiyyətinin dəyişməsi, həm də uzun müddətinin, neçə gün yağışlı gün olması və s. - bütün bunlar təkcə Abşeron Milli Parkı üçün deyil, bütün təbii flora üçün də, mədəni flora üçün də zaman-zaman formalaşmış mühiti pozur. Ekoloji amillərin kəskin dəyişməsi həmin bitkilik qrupunda zaman-zaman formalaşmış strukturu pozur. Elə bitki var ki, rütubətsevərdir, eləsi var quraqlıqsevərdir, işıqsevərdir. Ekoloji mühit amillərinə qarşı münasibəti bitkilərin bioloji xüsusiyyətindən asılı olaraq müxtəlifdir. Buna görə də o amil dəyişiləndə bunların zaman-zaman uyğunlaşıb, adaptasiya olunmuş sistemləri dəyişir. Bu da həmişə yaxşı nəticə vermir.

- Nadir bitkilərin qorunması üçün hansı tədbirlər görülməlidir?

- Əvvəllər biz botaniklər belə tədqiqatlar aparırdıq ki, əsasən hansı növ harada var. İndi bunlar demək olar ki, çoxu məlumdur. Bu qlobal iqlim dəyişikliyi fonunda tədqiqatların istiqaməti ən çox o istiqamətə getməlidir ki, hansı növ hansı iqlim şəraitinə qarşı dözümlüdür, hansı iqlim şəraitinə, iqlim amillərinə, ekoloji amillərə tələbatı nə cürdür və onların dəyişməsinə nə cür cavab reaksiyası verilir, necə adaptasiya oluna bilir. Biz nadir növlərin siyahısını çıxartmalıyıq, tək Milli Parkda yox, bütün Abşeronda. Abşeronun ekosistemi, florası, bitki örtüyü canlı bir orqanizmdir, bir-biri ilə bağlıdır. Nəinki bitki örtüyü, eləcə də faunası. İqlim amillərinin dəyişməsinin nəticəsində bitkilərin vegetasiyasında, fenofazasında baş vermiş dəyişiklik həmin bitkilərlə qidalanan və yaxud onları tozlandıran həşəratlara və bunların da ümumi aqreqasiyasına təsir edir, yəni bir-birindən asılıdır. Eləcə də bitki qruplaşmaları, ekosistemlər bir-birindən asılıdır. Ona görə də nadir bitkilərin siyahısını əldə etməliyik. Təkrarən tədqiqatlar aparılmalıdır. İqlim dəyişmələri ilə əlaqəli ola bilər ki, bir-iki-üç il içərisində də hansısa dəyişmələr baş verə bilər. Ona görə də bu növləri təkcə müəyyən etməklə iş bitmir. Müntəzəm tədqiqatlar aparıb həmin növlərin iqlim dəyişmələrinə, antropogen amillərə, texnogen çirklənməyə, urbanizasiya nəticəsində onlara olan təzyiqlərə reaksiyalarını öyrənməliyik. Ondan sonra biz deyə bilərik ki, bu bitkiləri necə qorumaq lazımdır. Hər bir növün özünün fərdi xüsusiyyəti olduğu üçün, hər bir növün özünün də fərdi mühafizə, aqrotexniki qaydaları və yaxud təbiətdə onu necə mühafizə etmək olar, o yolları fərdi olmalıdır. Təbiətdə baş verən proseslərə insan o qədər də müdaxilə edə bilmir. Bu dəyişikliklərin hansı növə, necə təsir etdiyini bilməliyik və ona uyğun mühafizə tədbirləri hazırlamalıyıq.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb