Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub

24 Sentyabr 2026 17:11 (UTC+04:00)

2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub.

Aznews.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozlarına həsr olunmuş iclasda bildirib.
Baş nazir deyib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları Nazirlər Kabinetinə təqdim edilib.

“Bugünkü iclasımızın gündəliyində bu layihələri ətraflı müzakirə edəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, çoxşaxəli diplomatik fəaliyyət ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır. Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl sülh gündəliyini irəli aparmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışı, iqtisadiyyatın şaxələndirilməsini və ölkənin uzunmüddətli inkişafını əsas prioritetlər sırasında saxlayır. 2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır. Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir. Qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir. Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir. Bu baxımdan, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun əsasında hazırlanmış “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır.
Sözügedən sənədlər uğurla icra olunur və cari il Strategiyanın həyata keçirilməsinin son ilidir. 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Son dövrdə cənab Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözləniliкr”, - deyə Baş nazir qeyd edib.