Xəzər dənizinin mühafizəsi istiqamətində kompleks tədbirlərin görülməlidir - EKOLOQ

17 Avqust 2026 17:12 (UTC+04:00)

Ekoloq Sadiq Həsənov: "Bəzi quşların qışlama və miqrasiya zamanı dayanma məkanlarının yararsız vəziyyətə düşməsi də narahatlıq doğurur"

- Sadiq bəy, Abşeron Milli Parkının ekoloji vəziyyətini necə qiymətləndirirsiniz?

- Abşeron Milli Parkı Xəzər dənizinin sahil zonalarının və burada məskunlaşan su canlılarının, quşların və müxtəlif heyvanların mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır. Park həm ekoloji, həm də turizm baxımından əhəmiyyətli ərazilərdən biridir. Xüsusilə Şahdili ərazisi təbii strukturunu böyük ölçüdə qoruyub saxlayan vacib sahələrdəndir. Lakin hazırda parkın ekoloji vəziyyətinə təsir edən bir sıra problemlər mövcuddur. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində əvvəllər su altında qalan ərazilərin üzə çıxması və həmin sahələrdə uzun illər ərzində toplanmış çirkləndirici maddələrin üzə çıxması ekoloji riskləri artırır. Bununla yanaşı, sahilyanı ərazilərdə tullantıların toplanması və bəzi quşların qışlama və miqrasiya zamanı dayanma məkanlarının yararsız vəziyyətə düşməsi də narahatlıq doğurur.

- Parkın ətrafındakı urbanizasiya təbiətə hansı təsirləri göstərir?

- Abşeron yarımadasında sürətli urbanizasiya və sahilyanı ərazilərdə müxtəlif infrastruktur obyektlərinin yaradılması milli parkın təbii mühitinə müəyyən mənfi təsirlər göstərir. Qanunvericiliyin tələblərinə əməl olunmadan müxtəlif tikililərin və infrastrukturların yaradılması, sahil ərazilərinin hasarlanması və dənizə çıxışların məhdudlaşdırılması təbii landşaftın bütövlüyünü poza bilər. Bundan əlavə, insanların sahilyanı ərazilərdə istirahətinin artması tullantıların çoxalmasına və canlıların təbii yaşayış mühitinin narahat edilməsinə səbəb olur. Bu baxımdan həm urbanizasiya proseslərinə nəzarətin gücləndirilməsi, həm də milli parkın ətrafındakı təbii ərazilərin mühafizəsinin təmin edilməsi vacibdir.

- Hazırda parkın ən ciddi ekoloji problemi nədir?

- Hazırda ən ciddi problemlərdən biri Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi fonunda sahilyanı ekosistemlərdə baş verən dəyişikliklərdir. Dənizin geri çəkilməsi ilə əvvəllər su altında qalan ərazilər üzə çıxır və burada illər ərzində toplanmış tullantılar və çirkləndirici maddələr ekoloji təhlükə yaradır. Digər ciddi problem isə Xəzər dənizinin və sahillərinin tullantılarla çirkləndirilməsidir. Plastik tullantılar, gəmilərdən və müxtəlif infrastruktur obyektlərindən dənizə atılan çirkləndirici maddələr, həmçinin neft yataqları və platformaları ilə bağlı çirklənmə sahilyanı ekosistemlərə mənfi təsir göstərə bilər. Bu problemlərin həlli üçün yalnız milli park daxilində deyil, bütövlükdə Xəzər dənizinin mühafizəsi istiqamətində kompleks tədbirlərin görülməsi, mütəmadi monitorinqin gücləndirilməsi və sahilyanı ərazilərdə ekoloji nəzarətin artırılması zəruridir.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb