Hüquqşünas İlhamə Həsənova: "Bu qiymətləndirmə ekspertlər və mütəxəssislər tərəfindən aparılmalıdır"
- İlhamə xanım, Konstitusiya vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnu necə qoruyur?
- Konstitusiyanın 39-cu maddəsində vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub. Həmin maddəyə əsasən, vətəndaşların sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin vəziyyəti ilə bağlı məlumat almaq və ətraf mühitə vurulmuş zərərin nəticələrinin aradan qaldırılması ilə bağlı müdafiə mexanizmlərindən istifadə etmək hüquqları var. Burada dövlətin həm passiv, həm də aktiv öhdəliyi öz əksini tapır. Dövlət vətəndaşlar üçün sağlam ətraf mühiti təmin etməli, eyni zamanda ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün nəzarət və müdafiə mexanizmləri tətbiq etməli, ekosistemin tarazlığını qorumalıdır. Konstitusiyanın bu müddəasından irəli gələn öhdəliklərin həyata keçirilməsi üçün qanunlar və qərarlar qəbul edilir, aidiyyəti dövlət orqanları müəyyənləşdirilir və hüquqi məsuliyyət mexanizmləri nəzərdə tutulur.
- Dövlətin milli parklarla bağlı əsas hüquqi öhdəlikləri hansılardır?
- Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri ilə bağlı münasibətlər “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Dövlətin milli parklarla bağlı əsas öhdəliklərindən biri onların yaradılmasıdır. Milli parklar təbiətin qorunması, insanların turizm və istirahət imkanlarından istifadə etməsi, eləcə də ərazidəki təbii, tarixi və mədəni irs nümunələrinin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər əsas öhdəlik milli parkların sərhədlərinin müəyyənləşdirilməsi və onların mühafizəsinin təmin edilməsidir. Milli parkların dağıdılmasının, qanunsuz müdaxilələrin və təbiətə zərər vura biləcək fəaliyyətlərin qarşısının alınması üçün effektiv hüquqi və inzibati mexanizmlər yaradılmalıdır. Eyni zamanda, milli parkların qorunması yalnız dövlətin deyil, vətəndaşların da məsuliyyətidir. Dövlət bu prosesdə ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmalı və müvafiq layihələri dəstəkləməlidir.
- Təbiətin qorunması ilə iqtisadi fəaliyyət arasında balans necə qurulmalıdır?
- İqtisadi fəaliyyət və inkişaf, əlbəttə ki, vacibdir. Lakin iqtisadi inkişaf dövlətin ətraf mühitin və ekosistemin qorunması ilə bağlı öhdəliklərini arxa plana keçirməməlidir. Burada əsas prioritet təbiətin və ətraf mühitin mühafizəsi olmalıdır. Hər bir iqtisadi layihə, tikinti işi və digər fəaliyyət həyata keçirilməzdən əvvəl onun ətraf mühitə və ekosistemə təsiri qiymətləndirilməlidir. Bu qiymətləndirmə ekspertlər və mütəxəssislər tərəfindən aparılmalıdır. Əgər hər hansı layihənin ətraf mühitə mənfi təsiri qəbuledilməz səviyyədədirsə, onun həyata keçirilməsinə yol verilməməlidir. Ona görə də iqtisadi inkişafla təbiətin qorunması arasında balans qurularkən əsas meyar ekosistemin tarazlığının və ətraf mühitin təhlükəsizliyinin qorunması olmalıdır.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb