Ərdoğan-Paşinyan görüşü regionda yeni imkanlar yaradır -TƏHLİL

24 Sentyabr 2026 20:39 (UTC+04:00)

"Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin hazırkı mərhələsində diqqətçəkən əsas məqam siyasi dialoqun artıq layihələr ilə tamamlanmağa başlaması yönündə addımların atılmasıdır. Nyu-York görüşündə Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli ticarət və nəqliyyat sahəsində normallaşmanı dəstəklədiklərini və münasibətlərdə yaranmış müsbət dinamikanın davam etdirilməsinin vacibliyini bildirib. Bu, normallaşmanın yalnız diplomatik münasibətlərin qurulması məsələsi kimi deyil, qarşılıqlı iqtisadi maraqların formalaşdırılması prosesi kimi də nəzərdən keçirildiyini göstərir. Bu prosesin Cənubi Qafqaz üçün əhəmiyyəti ondan ibarətdir ki, Türkiyə–Ermənistan münasibətlərinin normallaşması regiondakı kommunikasiya və ticarət əlaqələrinin daha geniş sistem daxilində inkişafına imkan yarada bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Nyu-Yorkda baş tutan görüş Ankara ilə İrəvan arasındakı münasibətlərin normallaşdırılması prosesini və Cənubi Qafqazda nəqliyyat marşrutlarının inkişafı məsələsini yenidən diqqət mərkəzinə gətirib. Tərəflərin ticarət dövriyyəsinin artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi, işgüzar əlaqələrin inkişafı və Ani körpüsünün bərpası ilə bağlı fikir mübadiləsi aparması dialoqun müxtəlif sahələri əhatə etdiyini ortaya qoyur. TRIPP layihəsinin də müzakirə mövzusu olması isə regionda kommunikasiyaların açılması istiqamətində mümkün addımların əhəmiyyətini bir daha ön plana çıxarır.

Siyasi şərhçi qeyd edib ki, görüşdə TRIPP layihəsinin və regional nəqliyyat əlaqələrinin açılması məsələsinin ayrıca müzakirə olunması da diqqət çəkir.

"Belə bir model həyata keçirildiyi halda, Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat imkanlarının genişlənməsi Cənubi Qafqazın tranzit əhəmiyyətini artırmaqla yanaşı, iqtisadi qarşılıqlı asılılığın güclənməsinə də şərait yarada bilər. Eyni zamanda, Türkiyə-Ermənistan normallaşmasını Azərbaycan-Ermənistan münasibətlərindən tamamilə ayrı proses kimi qiymətləndirmək real deyil. Rəsmi Ankara Nyu-York görüşündə Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində atılan qarşılıqlı addımları müsbət qarşıladığını bildirib, Cənubi Qafqazda sülh gündəliyinin inkişaf etdiyi bir dövrdə Türkiyə-Ermənistan xəttində irəliləyiş daha geniş regional iqtisadi əməkdaşlıq modelinə keçid üçün əlavə imkanlar yarada bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az