"İranın nüvə proqramı məsələsi hazırda ABŞ-İran münasibətlərində və danışıqlar gündəmində əsas mövzulardan biri deyil. Hazırda daha çox İranın Hörmüz boğazına nəzarəti, Tehranın regiondakı fəaliyyətinin qiymətləndirilməsi və İranın regiondakı müttəfiq qruplara dəstəyi kimi məsələlər ön plandadır. Danışıqlarda əsas mövzulardan biri də İranın regiondakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tələblərdir. Yaxın günlərdə İranın xarici işlər naziri Abbas Əraqçinin Çinə səfəri və Çin rəsmiləri ilə keçirdiyi görüşlər də diqqət çəkir. Bu görüşlərin müsbət nəticələr verəcəyinə ümid ifadə olunub".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.

Qeyd edək ki, İranın nüvə fəaliyyəti ilə bağlı mövqeyi BMT Baş Assambleyasının gündəliyində yenidən diqqət çəkib. Prezident Məsud Pezeşkian çıxışında Tehranın nüvə silahı hazırlamaq niyyətində olmadığını açıqlayıb və ölkəsinin nüvə enerjisindən mülki məqsədlərlə yararlanmaq hüququnun qorunmasının vacibliyini vurğulayıb. İran tərəfi nüvə proqramının enerji, səhiyyə, ərzaq təhlükəsizliyi və sənaye sahələrində tətbiq edildiyini bildirir. ABŞ isə Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını əsas prioritetlərdən biri hesab edir. Bu mövqelər arasında fərqlər İranın nüvə proqramı ətrafında danışıqların əsas istiqamətlərindən biri olaraq qalır.
Siyasi şərhçi qeyd edib ki, Çin-ABŞ təmaslarında Yaxın Şərqdəki vəziyyətlə bağlı məsələlər də müzakirə edilir.
"Bu çərçivədə Çinin irəli sürdüyü ərazi bütövlüyünün qorunması, suverenliyə hörmət və daxili işlərə müdaxilə edilməməsi kimi prinsiplər diqqət çəkir. Bundan başqa, Qətər ABŞ ilə İran arasında danışıqların başlaması istiqamətində vasitəçilik etdiyini və bu istiqamətdə fəaliyyət göstərdiyini açıqlayıb. Ötən gün İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın xarici işlər naziri İshaq Darla Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşərək fikir mübadiləsi aparıb. Bu, yaxın zamanda İran-ABŞ münasibətlərində müəyyən irəliləyişlərin, xüsusilə tərəflər arasında danışıqların başlamasının mümkün ola biləcəyini göstərir. Bununla belə, İranın nüvə proqramı məsələsinin də danışıqlarda öz əhəmiyyətini qoruyacağı gözlənilir. Bütün bu diplomatik cəhdlər, eləcə də beynəlxalq ictimaiyyətin, o cümlədən Çinin prosesə cəlb olunması nüvə proqramı məsələsinin müəyyən qədər ikinci plana keçməsinə səbəb ola bilər. Lakin bu, İranın nüvə proqramı məsələsinin danışıqlar gündəmindən tamamilə çıxarılması demək deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az