"Azərbaycan cəmiyyətində insanların şəxsi qərarlarını qəbul edərkən ailə üzvlərinin, qohumların və yaxın çevrənin mövqeyini nəzərə alması uzun müddətdir müşahidə olunan sosial davranışlardan biridir. Bu yanaşmanın formalaşmasında ailə tərbiyəsi, adət-ənənələr, sosial dəyərlər və cəmiyyətin gözləntiləri mühüm rol oynayır. İctimai münasibətin şəxsi seçimlərə təsiri müəyyən hallarda sosial əlaqələrin və ənənəvi dəyərlərin qorunmasına xidmət edə bilər. İnsan öz qərarının ətrafındakı şəxslərə və cəmiyyətə necə təsir göstərəcəyini düşündükdə, daha məsuliyyətli davranmağa çalışa bilər. Lakin bu təsirin həddindən artıq olması fərdin sərbəst qərar verməsinə də maneə yarada bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində ailə və yaxın çevrənin insanların şəxsi seçimlərinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Xüsusilə evlilik, peşə seçimi, karyera və həyat tərzi ilə bağlı qərarlarda sosial gözləntilərin rolu diqqət çəkir. Müasir dövrdə fərdi seçimlərə verilən əhəmiyyət artsa da, ailənin və ətrafın münasibəti bir çox hallarda insanların qərarlarına təsir göstərməkdə davam edir.
Sosioloq qeyd edib ki, əvvəlki nəsillə müqayisədə müasir dövrdə insanların şəxsi seçimlərində sosial çevrənin fikrindən asılılıq müəyyən qədər azalıb.
"Xüsusilə gənclər təhsil, peşə, karyera, ailə qurmaq və yaşayış yeri kimi məsələlərdə öz istək və imkanlarını daha çox əsas götürürlər. Bununla belə, ailənin və yaxın çevrənin fikri hələ də bir sıra qərarlara təsir göstərir. Məsələn, insan ailə qurmaq, peşə seçmək və ya karyerasını müəyyənləşdirmək zamanı yalnız şəxsi istəyini deyil, yaxınlarının münasibətini də nəzərə ala bilər. Bu isə bəzi hallarda tərəddüdə və qərar vermə prosesinin uzanmasına səbəb olur. Burada şəxsi seçimlə sosial məsuliyyət arasında fərq qoymaq vacibdir. İnsanın kiminlə ailə qurması, hansı peşəni seçməsi, harada yaşaması və həyatını necə qurması ilk növbədə onun şəxsi qərarıdır. Eyni zamanda toy və yas mərasimləri kimi məsələlərdə də insanın öz maddi imkanlarını əsas götürməsi daha məqsədəuyğundur. Digər tərəfdən, insanın davranışı ətrafındakı şəxslərə və bütövlükdə cəmiyyətə təsir göstərirsə, sosial münasibəti nəzərə almaq müəyyən əhəmiyyət daşıya bilər. Bu halda söhbət şəxsi seçimə müdaxilədən deyil, sosial məsuliyyətdən gedir. Müasir dövrdə əsas dəyişiklik ondan ibarətdir ki, fərdi seçimlərin əhəmiyyəti artır. Buna baxmayaraq, sosial çevrənin təsiri tamamilə aradan qalxmayıb. Xüsusilə gənclər arasında şəxsi seçimlərlə ailənin və cəmiyyətin gözləntiləri arasında ziddiyyətlər yarana bilər. İctimai münasibətin insan həyatına həddindən artıq təsir göstərməsi isə müəyyən hallarda özünəinamın azalmasına, tərəddüdə və müxtəlif komplekslərin yaranmasına səbəb ola bilər. Buna görə də sosial normalara hörmətlə şəxsin öz həyatına dair sərbəst qərar verməsi arasında balansın qorunması vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az