27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixi gündür. Bu gün şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, xalqımızın Vətənə, dövlətə və milli dəyərlərə bağlılığını nümayiş etdirir.
Məhz Prezident İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunmasına dair 2 dekabr 2020-ci il tarixli Sərəncamı həmin tarixin əhəmiyyətini bir daha təsdiqləyən mühüm təşəbbüsdür.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Müharibə dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə yanaşı, arxa cəbhədə çalışan mülki şəxslər də bir yumruq və bir ideya ətrafında birləşərək ordumuzun ruhdan düşməməsi, əksinə, daha böyük şücaətlə döyüşərək düşmən üzərində qələbə qazanması və qətiyyətli Zəfərin əldə edilməsi naminə bütün çətinliklərə sinə gərmiş, uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsinə nail olmuşlar.
Məlumdur ki, təxminən 30 il ərzində qonşu Ermənistan öz işğalçı siyasətini davam etdirərək Qarabağ torpaqlarında müxtəlif təxribatlar törətmiş, bu ərazilərdə yaşayan dinc sakinlərimizə qarşı ağır təcavüzlər və soyqırımlar törədərək insanların öz yurd-yuvalarında rahat yaşamasına imkan verməmişdir.
Bütün bu əziyyətlərə sinə gərən və haqsızlıqlarla barışmayan xalqımızın mərd və şücaətli oğul və qızları nəhayət, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyərək bir olub ayağa qalxmış, uzun illər əsarətdə olan torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi naminə canlarından və qanlarından keçmişlər.
Belə ki, təxminən 30 il ərzində Qarabağ torpaqlarının azadlığı ilə bağlı bir sıra beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti yürütməsi, iki tərəf arasında mövcud olmuş münaqişənin dondurulmasına çalışılması və illər ərzində aparılan siyasi danışıqların nəticəsiz qalması xalqımızın səbrinin tükənməsinə və məsələnin hərbi yolla həll edilməsinə gətirib çıxarmışdır. Bu illər ərzində BMT tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndiyi üçün BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi icra olunmadan qalmışdır.
Buna baxmayaraq, 2016-cı ilin aprelində Lələtəpə istiqamətində baş verən döyüşlər və 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını, qəbul edilmiş beynəlxalq qətnamələrin icrasının ölkəmizin qüdrəti və xalqımızın gücü hesabına təmin ediləcəyini nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı təxribatlarını davam etdirmişdir.
Nəhayət, 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun cəbhə boyu mövqelərinə və bir sıra rayonlarımızın yaşayış məntəqələrinə davamlı artilleriya zərbələri endirməklə xalqımıza qarşı növbəti təcavüzə başlamışdır. Bu isə hərbi qulluqçularımızla yanaşı, ikisi azyaşlı olmaqla, 11 dinc sakinin həlak olması ilə nəticələnmişdir.
Bununla da düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə, 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr tarixinədək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm, iradə və həmrəylik nümayiş etdirərək müharibənin sonuna kimi mübarizə aparmış, düşməni torpaqlarımızdan qovub çıxarmış və 30 illik səbrin nəticəsini göstərmişdir. Bütün bu uğurlu Zəfərimiz qəhrəman şəhidlərimizin, həmçinin qazilərimizin və veteranlarımızın fədakarlığı sayəsində mümkün olmuşdur.
Bu səbəbdən döyüş meydanında qəhrəmanlıq nümayiş etdirən, Vətən uğrunda canını və qanını fəda edən şəhidlərimizin xatirəsinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Bundan başqa, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən, döyüş tapşırıqlarını uğurla icra edən Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar.
Bu gün ölkənin müxtəlif bölgələrində şəhidlərin məzarları ziyarət edilir, onların ailələrinə diqqət və qayğı göstərilir, Vətən müharibəsində həyatını itirmiş insanların xatirəsi müxtəlif tədbirlərlə yad olunur. Dövlət və cəmiyyət səviyyəsində keçirilən anım mərasimləri şəhidlərin həyat yolunun və qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Bu səbəbdən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət cəmiyyətin mənəvi məsuliyyətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Şəhid ailələrinin və övladlarının daim diqqətdə saxlanılması, onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir.
Beləliklə, şəhidlik Azərbaycan cəmiyyətində Vətən uğrunda ən böyük fədakarlıq kimi qəbul olunur. 27 Sentyabr – Anım Günü bu fədakarlığın unudulmaması və şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Milli Məclisin deputatı,
Pərvanə Vəliyeva