“Putinin G20-də iştirakı Moskva üçün asan qərar olmayacaq” -EKSPERT

25 Sentyabr 2026 17:59 (UTC+04:00)

"Prezident Donald Tramp tərəfindən Rusiya lideri Vladimir Putinin G20 sammitinə dəvət olunması, təbii ki, Ağ Evin geosiyasi manipulyasiyalarından başqa bir şey deyil. Yəni, Tramp administrasiyası Ukrayna savaşının Rusiyanın xeyrinə sona çatdırılması üçün əlindən gələn hər şeyi edir. Eyni zamanda, Trump administrasiyasının əsas hədəflərindən biri Rusiya ilə genişmiqyaslı biznes və iqtisadi münasibətlər qurmaqdır. Rusiyanın iqtisadi məkanına ABŞ şirkətlərini yerləşdirmək hədəfi mövcuddur. Bu şirkətlərin ABŞ-da mütləq əksəriyyətinin Prezident Donald Trampa və onun ətrafına yaxın olan şirkətlər olduğu bildirilir. Yəni, burada Tramp administrasiyası beynəlxalq hüquq normalarından daha çox özəl maraqlardan çıxış edir. Ona görə də hesab etmək olar ki, Prezident Donald Tramp Rusiya liderini G20 sammitinə dəvət etməklə, Rusiyanın Ukraynaya qarşı işğalçı savaşını legitimləşdirməyə çalışır. Bunu beynəlxalq məkanda qəbul etdirməyə çalışır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunub. Bununla belə, Rusiya liderinin tədbirdə iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib. Putinin mümkün iştirakı fonunda Moskvanın sammitlə bağlı mövqeyi və yekun qərarı beynəlxalq ictimaiyyətin diqqətində olan məsələlərdən biridir.

Siyasi şərhçi qeyd edib ki, ancaq Kremlin bu məsələ ilə bağlı hansı qərarı verəcəyi hələlik məlum deyil.

"Yalnız onu ehtimal etmək olar ki, yəqin ki, Kreml bu dəvəti qəbul etsə belə, dəvəti reallaşdırmayacaq. Yəni, dəvətdən məmnun olsa belə, dəvəti reallaşdırmayacaq, G20 sammitinə qatılmayacaq. Çünki Kremldə çox gözəl anlayırlar ki, G20 sammitində iştirak edən dövlətlərin mütləq əksəriyyəti Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı savaşda məhz Ukraynanı dəstəkləyir və Kremldə bu səbəbdən də Prezident Putinə orada olacaq münasibəti təxmin etməyi bacarırlar. Yəqin ki, neqativ münasibətin olacağını anladıqları üçün Prezident Putini çətin vəziyyətə salmağa ehtiyac görməyəcəklər. Yəqin ki, ona görə də Prezident Putin G20 sammitində iştirak etməyəcək. Bu da o deməkdir ki, bütün bunlar Tramp administrasiyasının beynəlxalq hüquq normalarını ciddi şəkildə manipulyasiya etməsidir və bu manipulyasiyalarla Tramp administrasiyası faktik olaraq Ukrayna xalqını və Ukrayna dövlətini real risk altına atır və Rusiyanın işğalçılıq siyasətini beynəlxalq məkanda legitimləşdirməyə çalışır".

Rəfiqə Namazəliyeva,

AzNews.az