ABŞ ordusu Kuba ilə bağlı mümkün əməliyyat üçün altı hərbi birlik növünü nəzərdən keçirir

25 Sentyabr 2026 19:58 (UTC+04:00)

“CBS News”a danışan və ictimaiyyətə açıqlama vermək səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, sözügedən yazışmada Kubanın adı birbaşa qeyd olunmayıb. Lakin onların sözlərinə görə, tələb Kuba ilə bağlı davam edən hərbi planlaşdırmanın bir hissəsidir.

Sənəddə hər hansı hərbi birliyə yerləşdirilmə əmri verildiyinə dair məlumatın olmadığı qeyd edilib. Bununla belə, planlaşdırmanın Tramp administrasiyasının Kuba üzərində iqtisadi təzyiqi artırdığı və Havana administrasiyasını siyasi islahatlara çağırdığı dövrdə aparıldığı bildirilib.

Yazışmada ABŞ-nin Cənub Komandanlığının məsuliyyət zonasına neçə hərbçinin lazım olacağı, birliklərin hara göndəriləcəyi və ya hansı əməliyyat çərçivəsində istifadə ediləcəyi ilə bağlı təfərrüatların yer almadığı bildirilib.

Altı müxtəlif birlik üçün hazırlıq araşdırması

“CBS News”un əldə etdiyi sənədə görə, ABŞ Quru Qoşunlarının Ehtiyat Qüvvələri Komandanlığı Cənub Komandanlığının sərəncamına verilə biləcək altı müxtəlif hərbi birlik növünün uyğunluğu ilə bağlı tabeliyindəki komandanlıqlardan məlumat istəyib.

Yazışmada sözügedən birliklərə 90-120 gün ərzində ehtiyac yarana biləcəyi bildirilib. Komandanlıqlardan qiymətləndirmələrini sentyabrın 25-dək qərargaha təqdim etmələri istənilib.

Tələb olunan birliklər arasında nəqliyyat, texniki xidmət, yanacaq və təchizat kimi logistika fəaliyyətlərini koordinasiya edən döyüş logistika dəstək batalyonu ilə mühəndis batalyonunun olduğu bildirilib. Bundan əlavə, əməliyyat bölgəsində logistika fəaliyyətlərini idarə edəcək ekspedisiya logistika komandanlığının da nəzərdən keçirildiyi qeyd olunub.

Sənəddə həmçinin tibb bölmələrinin koordinasiyasına cavabdeh tibb briqadası ilə ABŞ qüvvələrinə daha yaxın ərazilərdə təcili cərrahi və travma yardımı göstərə biləcək irəli yerləşdirilən cərrahi bölmənin tələb edildiyi bildirilib.

Hərbi polis briqadasının da mümkün birliklər arasında yer aldığı qeyd olunub. Bu birliklərin təhlükəsizlik, saxlanılma və digər hüquq-mühafizə vəzifələrinə cavabdeh hərbi polis bölmələrini idarə etdiyi bildirilib.

Mövsüm,

AzNews.az