“Mədəni insan hər yerdə davranış qaydalarına riayət edir” - AÇIQLAMA

25 Sentyabr 2026 20:04 (UTC+04:00)

"Ümumiyyətlə, növbə məsələsi yalnız metro və avtobusla məhdudlaşmır. Mağazalarda, müxtəlif ictimai məkanlarda, hətta svetoforlarda belə növbə gözləmək vacib davranış qaydalarından biridir. Növbə gözləmək insanın dünyagörüşünün və mədəniyyətinin ayrılmaz hissəsidir. Xüsusilə bu mədəniyyət daha çox şəhər mühitində formalaşır. Lakin şəhərlərdə əhalinin sayının və tərkibinin müxtəlif olması, müxtəlif yerlərdən şəhərə insanların axını kimi amillər bəzən qeyd etdiyimiz davranış normalarının pozulmasına şərait yaradır. Nəzərə almalıyıq ki, növbə məsələsi yalnız son günlərdə yaranan tıxaclarla və ya bununla bağlı problemlərlə əlaqəli deyil. Bir çox hallarda tədqiqatçılar və sosioloqlar sürücü mədəniyyəti, yol keçmək mədəniyyəti və digər bu kimi anlayışlardan danışırlar. Ancaq bütövlükdə ayrıca sürücü mədəniyyəti, müəllim mədəniyyəti və ya həkim mədəniyyəti deyilən anlayışlardan daha çox, insan mədəniyyəti və mədəni insan anlayışı mövcuddur. Mədəni insan istər sürücü, istər həkim, istərsə də müəllim olsun, bu davranış qaydalarına hər yerdə riayət etməyə çalışır. İstər insanlarla münasibətdə, istər avtomobil idarə edərkən, istər küçədə, istərsə də digər ictimai məkanlarda bu mədəniyyət özünü göstərməlidir. Təcrübələr göstərir ki, insanlarda növbə mədəniyyətinin formalaşmasına təsir edən üç əsas amil var: birincisi, qadağalar, ikincisi, ictimai qınaq, üçüncüsü isə daxili mədəniyyətdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, sosioloq Hüseyn İbrahimov deyib.

Xatırladaq ki, metro stansiyalarında, avtobus dayanacaqlarında və insanların sıx toplaşdığı digər ictimai məkanlarda növbə qaydalarına əməl olunmaması halları tez-tez müşahidə edilir. Eyni vəziyyət yollarda yaranan tıxaclar zamanı da özünü göstərir. Belə hallarda bəzi sürücülərin ümumi hərəkət sırasını gözləmədən digər avtomobillərin qarşısına keçməsi həm yol hərəkətinin nizamına təsir edir, həm də cəmiyyətdə müəyyən edilmiş davranış qaydalarına münasibətlə bağlı suallar yaradır.

Sosioloq qeyd edib ki, qadağalar və ictimai qınaq sosial normaların əsas formalarından biridir.

"Bunlardan biri sanksiyalaşdırılmış normalar, digəri isə ictimai normalardır. Məsələn, bir çox ölkələrdə yol hərəkəti və ya növbə qaydalarına əməl etməyən şəxsə eyni anda bir neçə insanın irad bildirdiyini müşahidə etmək mümkündür. İnsanlar da belə kütləvi ictimai qınaqdan çəkinirlər. Lakin bəzən növbəni gözləməyən şəxsə irad bildirildikdə, ətrafdakı insanların buna qarşılıq vermədiyi, hətta həmin davranışı normal qarşıladığı hallara da rast gəlinir. Belə hallara yollarda və xüsusilə metroda daha çox rast gəlmək mümkündür. Metroda kameraların olması bu normaların tətbiqini müəyyən qədər asanlaşdırır. Məsələn, bir insan növbədə dayandığı halda başqa bir şəxs gəlib onun qarşısından keçərək vaqona daxil olmağa və növbəti qatarı gözləmədən özünü irəli atmağa çalışır. Bu kimi hallarda qaydaların tətbiqini təmin etmək daha asandır. Çünki kameralar vasitəsilə növbə qaydalarına əməl etməyən şəxslərə müəyyən xəbərdarlıqlar etmək mümkündür. Burada sosial amillər də mühüm rol oynayır. Cəmiyyət daxilində ictimai qınağın, xüsusilə də kütləvi ictimai qınağın zəif olması bu cür davranışların davam etməsinə şərait yaradır. Sosial məsafə, növbəlilik və ümumilikdə etik davranış qaydalarının pozulduğu hallarda ictimai qınağın kifayət qədər güclü olduğunu görmürük. Bunun aradan qaldırılmasında cəmiyyətin özü də daha fəal olmalıdır. Məsələn, yaşıllıqların korlanması, ağacların və ya budaqların qırılması ilə bağlı ciddi ictimai qınağın olduğunu demək çətindir. Bu sahədə də ictimai münasibət kifayət qədər zəifdir. Digər tərəfdən, insanların estetik zövqünün formalaşması da mühüm amildir. Estetik zövqün kifayət qədər inkişaf etməməsi müəyyən mənfi davranışların meydana çıxmasına səbəb olur. Estetik zövqün zəif olması təbiətə qarşı kobud münasibətə də gətirib çıxara bilər. Təbiətə qarşı kobud davranan insanın digər insanlara münasibətində də eyni davranış özünü göstərə bilər. Bu cür deviant davranışlar növbə məsələsində də üzə çıxır. İnsanların ümumi qaydalara niyə riayət etmədiyi sualına cavab verərkən qeyd etdiyimiz kimi, burada ictimai qınağa münasibət də mühüm rol oynayır. İnsanlar ictimai qınağı nəzərə almadıqda, bu, onların etik və estetik davranış səviyyəsinin yetərincə formalaşmadığını göstərə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az