Paşinyanın geri dönüş imkanları məhdudlaşır: Ermənistan Rusiya ilə qarşıdurmanı dərinləşdirir

25 Sentyabr 2026 20:56 (UTC+04:00)

"Qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi təsadüfi proses olmayıb. Onun hakimiyyətə gətirilməsinin planlı şəkildə həyata keçirildiyini düşünürəm. Paşinyanın ABŞ-dakı Soros Fondundan maliyyə dəstəyi aldığını, həmçinin ABŞ-ın diplomatik korpusunun fəaliyyəti nəticəsində hakimiyyətə gəldiyini hesab edirəm. Paşinyanın qarşısına müəyyən təlimatlar qoyulub və o, indiyədək həmin istiqamətdə fəaliyyət göstərir. Daha doğrusu, Paşinyan ABŞ-nin qarşısına qoyduğu məqsədləri həyata keçirmək istiqamətində addımlar atır. Məsələ burasındadır ki, bu proses təkcə Ermənistanda deyil, ümumiyyətlə, Rusiya ətrafında və Rusiyaya yaxın dövlətlərdə demokratiya ideyası, eləcə də “məxməri inqilablar” adı altında müşahidə olunub. Bu proseslər çərçivəsində ABŞ üçün uyğun hesab edilən şəxslərin hakimiyyətə gətirildiyini və sonradan həmin şəxslərdən Rusiyanın təsirini zəiflətmək məqsədilə istifadə edildiyini düşünürəm. Biz bunu Gürcüstanda Mixeil Saakaşvili dövründə, Ukraynada isə Maydan hadisələrindən sonrakı siyasi proseslər fonunda gördük. Bu gün həmin siyasətin Ermənistan nümunəsində davam etdirildiyini müşahidə edirik. Bu proses uzun müddətdir ABŞ-nin strateji planlarından biri kimi həyata keçirilir. Ermənistan üzərindən həyata keçirilən bu strategiyanın əsas məqsədi ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və Ermənistanı Rusiya platformalarından uzaqlaşdırmaqdır. Paşinyan da bu siyasəti ardıcıl şəkildə həyata keçirir. Məqsədlərdən biri Ermənistanın Qərb strukturlarına, o cümlədən NATO-ya yaxınlaşmasıdır. Paşinyan açıq şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirakdan uzaqlaşır və Ermənistanın Avropaya inteqrasiyası istiqamətində siyasi kurs yürüdür. Növbəti mərhələdə Ermənistandakı Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı fikirlər də səslənir. Artıq bu məsələ siyasi müstəvidə müzakirə olunur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, İrəvan Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələrə başlamaqdan və Rusiya kapitalının iştirak etdiyi şirkətlərə qarşı tədbirlər görməkdən imtina edərsə, Moskva Ermənistana qaz tədarükünü dayandırmaqla bağlı addım ata bilər. Qəzetin yazdığına əsasən, Moskvanın İrəvan qarşısında irəli sürdüyü digər tələb isə Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməsidir. Bu çərçivədə İrəvan ya Avropaya inteqrasiyaya dair qanunu ləğv etməli, ya da sözügedən məsələ ilə bağlı referendumun keçirilməsi üçün tarix müəyyənləşdirməlidir.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyasını dərinləşdirməsindən sonra NATO ilə əlaqələrin inkişaf etdirilməsi məsələsi də gündəmə gələ bilər.

"NATO üzvü olan dövlətlərdə xarici hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı məsələlər isə ayrıca siyasi və hüquqi çərçivədə tənzimlənir. Kreml də bu prosesi görür və son dövrlərdə Rusiyanın Ermənistana münasibətində daha sərt ritorika müşahidə olunur. Əvvəllər Paşinyan əsasən Rusiya mediasında və ayrı-ayrı ictimai-siyasi xadimlər tərəfindən tənqid edilirdisə, indi bu mövzu Rusiya rəsmilərinin açıqlamalarında da daha çox səsləndirilir. Ermənistan qarşısında müəyyən tələblərin irəli sürüldüyünü müşahidə edirik. Ermənistan bu tələbləri qəbul etməli, yaxud Rusiyanın müxtəlif təzyiq rıçaqları ilə üzləşməli ola bilər. Məlum olduğu kimi, Ermənistanın formalaşması və sonrakı dövlətçilik tarixində Rusiyanın mühüm rolu olub. İstər çar Rusiyası, istər sovet dövrü, istərsə də müstəqillik mərhələsində Ermənistan müxtəlif formalarda Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyindən yararlanıb. Paşinyan isə hazırda Rusiyanın təsirindən uzaqlaşaraq Qərbə inteqrasiya siyasəti yürüdür. Ermənilər tarixən böyük güclər arasındakı rəqabətdən öz maraqları naminə istifadə etməyə çalışıblar. Əvvəllər Rusiya ilə yaxın münasibətlərdən yararlanılırdısa, hazırda Rusiyanın qlobal siyasi mövqelərinin zəiflədiyi düşüncəsindən çıxış edərək Qərblə münasibətlərin genişləndirilməsinə üstünlük verilir. Bu baxımdan, Ermənistanın hazırda ABŞ və Qərbin təsir dairəsinə daxil olduğunu düşünürəm. Rusiya tərəfindən Ermənistana qarşı kifayət qədər təsir rıçaqları mövcuddur. Əgər Ermənistan Rusiya platformalarından tamamilə uzaqlaşaraq Rusiyanın rəqibləri ilə daha sıx müttəfiqlik münasibətləri qurarsa, Moskvanın iqtisadi, siyasi və hərbi imkanlarından istifadə etməsi mümkündür. Məsələn, erməni məhsullarının Rusiya bazarına çıxarılmasına tətbiq olunan məhdudiyyətlər müəyyən mənada Ermənistan cəmiyyətinə verilən siqnal kimi qiymətləndirilə bilər. Təbii ki, Rusiyanın Ermənistana qarşı müxtəlif təsir imkanları var. Bunlar iqtisadi, siyasi və hərbi sahələri əhatə edir. Lakin Paşinyanın hakimiyyəti dövründə apardığı siyasət göstərir ki, onun geriyə qayıtmaq imkanları getdikcə məhdudlaşır və Rusiya ilə mövcud əlaqələri mümkün qədər azaltmağa çalışır. Rusiya hansı təzyiq vasitələrindən istifadə etsə belə, Paşinyanın geri çəkiləcəyini düşünmürəm. Çünki o, Qərb qarşısında müəyyən öhdəliklər götürüb və həmin öhdəlikləri yerinə yetirməyə çalışır. Əgər Paşinyan bu siyasətdən geri çəkilərək yenidən Rusiyanın təsir dairəsinə qayıtsa, bunun onun siyasi gələcəyinə təsir göstərə biləcəyi ilə bağlı fikirlər də səslənə bilər. Buna görə də Paşinyanın geri dönüş imkanlarının məhdud olduğunu düşünürəm. Bununla belə, Rusiyanın Ermənistana təsir rıçaqları kifayət qədər genişdir. İqtisadi, siyasi və hərbi sahələrdə Moskvanın təsir imkanları mövcuddur və Rusiya bu vasitələrdən istifadə etməklə Paşinyan hökumətinə təzyiq göstərə bilər. Hesab edirəm ki, Ermənistanda elə bir siyasi vəziyyət yarana bilər ki, Rusiya daha sərt addımlara əl atmasa, Paşinyan hökumətinin mövqeyini dəyişmək çətin olacaq. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə təzyiqlərin artırılması Ermənistanın qarşısında ciddi problemlər yarada bilər. Ermənistan isə Qərbin, xüsusilə ABŞ-nin dəstəyi ilə alternativ enerji mənbələri və yeni iqtisadi imkanlar əldə etməyə çalışır. Rusiyanın tələblərinin qəbul edilməməsi və Moskvanın daha ağır iqtisadi tədbirlər tətbiq etməsi Ermənistan iqtisadiyyatında ciddi problemlərə səbəb ola bilər. Bunun nəticəsində ölkədə sosial və siyasi gərginliyin artması ehtimalı da nəzərdən keçirilə bilər. ABŞ-nin Paşinyanı müxtəlif vasitələrlə dəstəkləyərək ona qarşı mümkün təzyiqləri neytrallaşdırmağa çalışacağını düşünürəm. Lakin bununla yanaşı, Paşinyanın həyata keçirdiyi siyasət regionda qlobal güclərin maraqlarının toqquşmasına səbəb olur. Bu isə Cənubi Qafqazda yeni gərginlik ocaqlarının yaranmasına gətirib çıxara və regional sabitliyə təsir göstərə bilər. İstər iqtisadi, istərsə də hərbi sahədə ciddi qarşıdurma yaranarsa, bunun təsirləri regionun digər dövlətlərinə də yayıla bilər. Bu baxımdan, Cənubi Qafqazda baş verən proseslər təkcə Ermənistan və Rusiya münasibətləri çərçivəsində qiymətləndirilməməlidir. Artıq dünya siyasətində Rusiya öz maraqlarına uyğun mövqelər formalaşdırmağa və həmin maraqları müdafiə edən siyasi qüvvələrlə münasibətlər qurmağa çalışır. ABŞ və Rusiya arasında qlobal müstəvidə maraqlar toqquşur. Bu rəqabətin əsas mərkəzlərindən biri Ukraynadırsa, digər istiqamətlərdən biri də Cənubi Qafqazdır. Ukraynada bu qarşıdurma hərbi müstəviyə keçib. Cənubi Qafqazda isə hələlik əsasən siyasi rəqabət formasında özünü göstərir. Lakin bu qarşıdurmanın gələcəkdə daha sərt xarakter alması region üçün ciddi risklər yarada bilər. Paşinyanın apardığı siyasətin Ermənistanın daxili maraqlarından daha çox ABŞ və Qərbin maraqlarına xidmət etdiyini düşünürəm. Ukraynada müşahidə olunan proseslərə bənzər siyasi ssenarinin Ermənistan üzərində də təkrarlanması ehtimalı var. Hazırda Rusiya əsasən yumşaq təzyiq vasitələrindən istifadə edir. İqtisadi məhdudiyyətlər tətbiq edir, siyasi şərtlər irəli sürür və Paşinyan hökumətinin manevr imkanlarını məhdudlaşdırmağa çalışır. Əgər bu vasitələr nəticə verməsə, daha radikal addımların gündəmə gəlməsi ehtimalını da istisna etmək olmaz. Bu isə regionda daha ciddi gərginliyə səbəb ola bilər. Paşinyan qlobal güclərin maraqlarını Ermənistan üzərində toqquşdurur və bu da regionda əlavə gərginlik yaradır. Ermənistan rəhbərliyi qarşısında Rusiyanın irəli sürdüyü tələblər kifayət qədər sərtdir. Ölkə rəhbərliyi ya həmin tələbləri qəbul etməli, ya da Moskva ilə qarşıdurmanı daha da dərinləşdirməlidir. Hesab edirəm ki, Qərbin siyasəti Paşinyanı getdikcə daha çox qarşıdurma xəttinə gətirir və bunun Ermənistan cəmiyyətinə də təsirləri ola bilər. Nəticədə Ermənistan yeni bir gərginlik zonasına çevrilə bilər. Bu isə yalnız Ermənistan üçün deyil, bütövlükdə region üçün ciddi nəticələr yarada bilər. Qərbin Paşinyanı dəstəkləməsi fonunda onun geriyə qayıtmaq imkanları daha da azalır. Ermənistan rəhbərliyi qarşısında iki əsas istiqamət görünür: ya Rusiya ilə münasibətlərdə müəyyən kompromislərə getmək, ya da Moskva ilə qarşıdurmanı davam etdirmək. Paşinyanın Rusiyanın şərtlərini qəbul etməsi siyasi baxımdan onun üçün mürəkkəb ola bilər. Bu səbəbdən onun hakimiyyətdən getməsi məsələsinin gələcəkdə gündəmə gəlməsi də mümkündür. Lakin bunun hansı formada və hansı şərtlər altında baş verəcəyini zaman göstərəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az