Ekoloqdan Xəzərlə bağlı xəbərdarlıq: “Ekoloji risklər artır”

25 Sentyabr 2026 22:14 (UTC+04:00)

"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində əvvəllər su altında qalan ərazilərin üzə çıxması və həmin sahələrdə uzun illər ərzində toplanmış tullantı və çirkləndirici maddələrin üzə çıxması ekoloji riskləri artırır. Dənizin geri çəkilməsi sahilyanı ekosistemlərdə müəyyən dəyişikliklərə səbəb olmaqla yanaşı, əvvəllər su altında qalmış ərazilərdə toplanan çirkləndirici maddələrin ətraf mühitə təsir imkanlarını artırır. Xəzər dənizinin və sahillərinin tullantılarla çirkləndirilməsi də ciddi ekoloji problemlərdən biri olaraq qalır".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, Xəzər dənizi həm bioloji müxtəlifliyi, həm də regionun iqtisadi və sosial həyatındakı rolu baxımından xüsusi əhəmiyyət daşıyan qapalı su hövzəsidir. Son illərdə dənizdə müşahidə olunan hidroloji dəyişikliklər, xüsusilə su səviyyəsinin azalması, ekosistemin təbii dinamikasına təsir edən mühüm amillərdən birinə çevrilib. Suyun çəkilməsi sahilyanı landşaftın dəyişməsi ilə yanaşı, canlıların yaşayış və qidalanma mühitlərinə də təsir göstərə bilər. Bununla paralel olaraq, məişət və sənaye tullantıları, neft-qaz fəaliyyəti və digər antropogen təsirlər Xəzərin ekoloji dayanıqlılığı ilə bağlı suallar doğurur.

Ekoloq qeyd edib ki, plastik tullantılar, gəmilər və müxtəlif infrastruktur obyektlərindən dənizə daxil olan çirkləndirici maddələr, eləcə də neft yataqları və platformaları ilə bağlı çirklənmə Xəzər dənizinin ekosisteminə mənfi təsir göstərən əsas amillərdəndir.

"Bu problemlərin qarşısının alınması üçün Xəzər dənizinin mühafizəsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, mütəmadi ekoloji monitorinqin gücləndirilməsi və sahilyanı ərazilərdə nəzarətin artırılması vacibdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az