KİV: Aİ-nin 18 ölkəsi sərhədlərdə miqrant axınının qarşısının alınması planını razılaşdırıb

27 Sentyabr 2026 18:13 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) 18 ölkəsinin daxili işlər nazirləri Münhendə Aİ-nin sərhədlərində qeyri-qanuni miqrasiyanın kəskin artmasının qarşısının alınması üzrə birgə fəaliyyət planını razılaşdırıblar.

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Avropanın böhrana qarşı yeni mexanizminin hazırlanması təşəbbüsü Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt tərəfindən irəli sürülüb. Təcili tədbirlərin görülməsinə səbəb 2026-cı ilin iyul ayının sonunda İspaniyanın Seuta eksklavında baş vermiş genişmiqyaslı miqrasiya böhranı olub. Həmin vaxt Mərakeşdən eyni anda on minlərlə qeyri-qanuni miqrant Aİ ərazisinə daxil olub.

“Bayerischer Hof” hotelində keçirilən görüşdə razılaşdırılan plan üç əsas bənddən ibarətdir.

Birinci bənd Aİ sərhədlərində fors-major xarakterli miqrasiya təzyiqinin baş verdiyini aydın şəkildə müəyyən edən və rəsmiləşdirən vahid qaydaların tətbiqini nəzərdə tutur. İkinci bənd böhran vəziyyətinin rəsmi olaraq tanınması halında miqrantların mümkün qədər qısa müddətdə ölkədən çıxarılmasına imkan verən xüsusi mexanizmin işə salınmasını nəzərdə tutur. Üçüncü bənd isə Avropanın sərhədlərə nəzarət agentliyi “Frontex”in qüvvələrinin operativ şəkildə yerləşdirilməsidir. Xüsusilə, “Frontex” çərçivəsində 24 saat ərzində köməyə ehtiyacı olan dövlətə göndərilməyə hazır xüsusi çevik reaksiya bölməsinin yaradılması planlaşdırılır.

“Bild yazıb ki, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi Madridin mövqeyi səbəbindən çətinləşir. Məhz İspaniyanın Seutada yay böhranından zərər çəkməsinə baxmayaraq, krallığın nümayəndələri danışıqlarda iştirak etməyiblər. Bundan əvvəl İspaniyanın daxili işlər və miqrasiya nazirləri də bu mövzu ilə bağlı Avropa Parlamentində keçirilən fövqəladə dinləmələrə qatılmayıblar.