Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor ÜZR İSTƏDİ

27 Sentyabr 2026 18:18 (UTC+04:00)

Türkiyənin Necmettin Erbakan Universitetinin professoru Selahattin Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.

Aznews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarnda yazıb.

"Əziz sosial şəbəkə izləyicilərim. Dünəndən bəri Azərbaycan nümayəndə heyəti ilə əlaqədar paylaşımlar oldu, əfsuslar olsun ki, mən də yanıldım. Gördüyümüzə inandıq.

İndi hadisələrə yaxından bələd olan bir dostumuz xəbərdar etdi. Yeddi nəfərlik nümayəndə heyətindən yalnız onu (Məqsəd Hüseynov - red.) zalda müşahidəçi qismində saxlayıb, digərlər nümayəndələr isə çıxıblar. Zalı tərk edən ölkələr də elə ediblər. Üzr istəyirəm..." - deyə tanınmış alim paylaşımında vurğulayıb.

Xatırladaq ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxışına başlayarkən bir sıra müsəlman ölkələrin nümayəndə heyətləri zalı tərk etsə də, Azərbaycanın nümayəndəsi zalda qalmışdı.

Bununla əlaqədar olaraq, son günlər Türkiyədə bir sıra sosial şəbəkə istifadəçiləri Azərbaycanla bağlı mənfi fikirlər səsləndirmişdilər.