“Sədərək”də 200 min manatlıq oğurluq – Özəl

1 Oktyabr 2013 11:40 (UTC+04:00)
"Sədərək" Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib. AzNews.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 23-ə keçən gecə baş verən oğurluq Qəşəm adlı sahibkarın mağazasında olub. Topdan corab satılan mağazadan 200 min manatlıq mal oğurlanıb.

Lakin oğurluq faktı hüquq mühafizə orqanlarından, eləcə də, "Sədərək" rəhbərliyindən gizlədilib. Xəbəri verən mənbə bildirir ki, hadisənin gizlədilməsində maraqlı tərəf Sədərək Ticarət Mərkəzinin mühafizə xidmətinin rəisi Şahlar Səfərov olub. O, sahibkardan xahiş edib ki, hadisə barədə heç kimə məlumat verməsin. Bunun əvəzində isə dəyən zərəri ödəyəcəyini söyləyib. Lakin həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, zərər ödənilmir. Buna görə də, sahibkar və onun ortaqları rəhbərliyə müraciət edəcəklərini bildiriblər.

Oğurluq hadisəsinin baş verdiyi mağazanın sahibi AzNews.az-a oğurluq faktını təsdiqləsə də, hadisənin təfərrüatları barədə danışmaq istəməyib: "Mən sizlə bir azdan əlaqə saxlayaram. İndi məşğulam".

AzNews.az-ın əməkdaşı onunla təkrar əlaqə saxladıqda isə xəbəri təzib edib.

Ruhiyyə
AzNews.az