Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və son onilliklərdə formalaşan strateji tərəfdaşlığımız bunu bir daha təsdiq edir.
Amma qardaşlıq tarixdə baş verənləri unutmaq demək deyil.
Bu gün Türkiyənin sosial şəbəkələrində Azərbaycana qarşı qarayaxma kampaniyalarının vüsət alması, qərəzli iddiaların və dezinformasiyaların bu qədər asan yayılması ciddi suallar doğurur. Azərbaycana qarşı hazırda aparılan xoşagəlməz kampaniyaları və təhqiramiz ritorikanı görəndə 1990-cı illərin ortalarına nəzər salmağa ehtiyac yaranır.
Məlumdur ki, 1995-ci ilin 13–17 mart hadisələri Azərbaycanın müstəqillik tarixinin ən ağır səhifələrindən biridir. Həmin günlərdə baş verən faciəli hadisələr - Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin silahlı qiyamı hakimiyyətə qarşı çevriliş cəhdi kimi qiymətləndirilib. Mart hadisələrində Rövşən Cavadovla yanaşı Türkiyə vətəndaşı Fərman Dəmirqolun da adının hallanması Azərbayccan cəmiyyətində xeyli narahatlıq yaratmışdı. Həmin dövr, eləcə də Fərman Dəmirqolun Azərbaycandan çıxarılması ilə bağlı mətbuatda geniş məlumatlar yer alıb. Onlardan yalnız birini qeyd edirəm. Bu məlumatlar içərisində ən diqqətçəkən məqamlardan biri 1996-cı ildə Türkiyə MİT-nin hesabatında Türkiyənin həmin dövrdəki bəzi siyasi və təhlükəsizlik dairələrinin Azərbaycandakı çevriliş cəhdi ilə əlaqəsi barədə iddiaların yer almasıdır. Həmin materiallarda o vaxtkı baş nazir Tansu Çillərin rəhbərlik etdiyi hökumətin adı da çəkilirdi.
Bütün bunlar onu deməyə əsas verir ki, 1995-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyinə yönəlmiş çevriliş cəhdi ilə Türkiyədəki bəzi dairələr arasında əlaqə barədə sənədləşdirilmiş məlumatlar və iddialar mövcuddur.
Təbii ki, bu, Türkiyə xalqını Azərbaycana qarşı qoymaq üçün əsas deyil. Əksinə, Türkiyə cəmiyyətini ayrı-ayrı siyasi dairələrdən və həmin dövrdə fəaliyyət göstərən qeyri-rəsmi şəbəkələrdən fərqləndirmək lazımdır.
Bu statusu hazırlayarkən Türkiyənin tanınmış alimlərindən, Necmettin Erbakan Universitetinin müəllimi professor Selahattin Avşaroğlunun maraqlı bir açıqlamasına da rast gəldim.
Professor yanlış məlumata inanaraq Azərbaycana qarşı kampaniyaya qoşulduğunu etiraf edib və buna görə üzr istəyib. Bu hadisə bir daha göstərir ki, sosial şəbəkələrdə yayılan məlumatları yoxlamadan paylaşmaq nə qədər təhlükəlidir.
Təbii ki, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən fasilələrlə davam etməsi, qərəzli iddiaların və dezinformasiyaların sürətlə yayılması narahatlıq doğurur. Bu paylaşımların bir qisminin əlaqələndirilmiş kampaniyaların tərkib hissəsi olması ehtimalı ciddi şəkildə araşdırılmalıdır.
Qardaşlarımız unutmasınlar ki, Azərbaycan və Türkiyənin münasibətləri ayrı-ayrı sosial şəbəkə kampaniyalarından daha böyükdür. Bu münasibətləri qorumaq üçün həm qardaşlığı, həm də tarixi həqiqətləri unutmamaq lazımdır.
Axı qardaşlıq tarixə göz yummaq deyil, həqiqəti bilə-bilə münasibətləri qorumağı bacarmaqdır.
Xanoğlan ƏHMƏDOV