"Türkiyə və Azərbaycan xalqları bir ailədir. Buna görə də bir millətdir".
Bu barədə Azərbaycanda kifayət qədər yaxşı tanınan türk millətçisi Mete Qaya açıqlama verib.
Mete Qaya öz sosial şəbəkə hesabında yazıb:
"Sevimli Azərbaycanımıza yönəlmiş ədalətsiz, məsuliyyətsiz və məlumatsız tənqid və hücumlar, əslində, ailəmizə yönəlib. Bu ədalətsiz, məsuliyyətsiz və məlumatsız hücumlar yalnız bizə xoşbəxtlik arzulamayanları sevindirməyə xidmət edir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əsrlərə söykənən bir əlaqədir. Bu, 1915-ci il Çanaqqala döyüşlərində türk əsgərləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olan minlərlə azərbaycanlı qardaşımızın tarixi həmrəyliyi ilə başlayan və 15 iyun 2021-ci ildə imzalanıb hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənən Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən bir bağdır".
Mete Qaya bildirib ki, Azərbaycan suveren və müstəqil dövlətdir: "O, öz xarici siyasətini digər dövlətlərlə qurulmuş strateji əməkdaşlıq, həm keçmişə, həm də gələcəyə aid məqsəd və maraqlar əsasında müəyyən edir. Heç kimin bu məsələyə qarışmaq və ya bununla bağlı şərtlər diktə etmək hüququ yoxdur".
AzNews.az