“Ədalət dünyadan köçəcəyini bilirdi” – Qələm dostları

1 Oktyabr 2013 11:59 (UTC+04:00)
Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlunun vaxtsız ölümü hamını, xüsusilə də ədəbi mühiti sarsıtdı. Mərhumun qələm dostları isə onun ölümünə inanmaq istəmədiklərini deyir. Şair Səlim Babullaolğu AzNews.az-a açıqlamasında Yazıçılar Birliyinin bütün əziyyəti mərhum Ədalət Əsgəroğlunun çiyinlərində olduğunu dedi:

"Allah onun ailəsinə səbir versin. Çox gözəl şair idi. Yaxşı ədəbiyyat təşkilatçısı idi. Yazıçılar Birliyində mətbuat xidmətində işləyirdi. Birliyin bütün əziyyəti onun çiyinlərində idi. Ölüm haqdır, yeri cənnət olsun".

Tənqidçi Əsəd Cahangir isə AzNews.az-a bu gecə yuxusunda Ə.Əsgəroğlunun öldüyünü, səhər isə yuxunun gerçək olduğunu eşidəndə dəhşətə gəlib: "Mən bu gecə Ədalət Əsgəroğlunu yuxuda gördüm. Gördüm ki, Ədalət ölüb, mən də onun barəsində nekroloq yazıram. Səhər ayılanda dayana bilmədim. Yaxın dostlarımdan birinə zəng vurdum. Dedi ki, Ədalət yoxdur, hələ də təəccüb içərisindəyəm. Ədalət Əsgəroğlu çox qəribə adam idi. İlk baxışdan emosional təsir bağışlayırdı. Amma o emosiya ani parlayıb və sönürdü. Yenə də adamlarla dostluq münasibətlərini davam etdirirdi. O, çox həssas adam idi. İşinin öhdəsindən layiqincə gələn adam idi. Ədəbi mühitdə baş verən bütün proseslərdən ilk o, xəbər tuturdu. Odun üstünə su tökürdü. Elə şairlər var ki, sözü özündən ağırdır. Eləsi də var ki, özü sözündən ağırdır. İdeal odur ki, sözü də özü də bərabər olsun. Ədalət də belələrindən idi. Onu Yazıçılar Birliyində ən son görən və onunla danışan da mən oldum. Sanki baxışlarında insanlarla halallaşmaq və vidalaşmaq əzabını gördüm. Elə bil dünyanı tərk edəcəyini bilirdi".

Bahar Rüstəmli
AzNews.az