"Amerika və İran arasında hazırda vəziyyət kifayət qədər gərgindir, amma eyni zamanda diplomatik təmaslar da kəsilməyib və son olaraq Qətərin təşəbbüsü ilə dialoq davam etdirilir. Amma tərəflərin məsələlərə baxışları kifayət qədər fərqlidir, məhz bu səbəbdən də ziddiyyətlər prosesin irəli getməsinə imkan vermir. Belə ki, hər tərəfin danışıqlar üçün irəli sürdüyü şərtlər var və bu şərtləri yerinə yetirməyəcəyi təqdirdə prosesin irəliləməsi imkansız kimi görünür. Yəni, Pezeşkianın səsləndirdiyi fikrə gəlincə, əlbəttə ki, tərəflər arasında prosesin irəli aparılması üçün qarşılıqlı etimada əsaslanan bir mühit formalaşdırılmalıdır. Hazırkı şəraitdə tərəflərin bir-birinə etimadı demək olar ki, sıfırdır və tərəflər fərqli mövqelər sərgiləyərək prosesi uzadırlar. İranın əslində son dövrlərdəki açıqlamalarını, xüsusilə də dialoqla, danışıqlarla bağlı açıqlamalarını mən, doğrusu, prosesi uzatmaq və beynəlxalq ictimai rəyi yönləndirmək kimi dəyərləndirirəm. Çünki İranın diplomatik tarixinə diqqət etdikdə, bunun onların ən ənənəvi metodları olduğunu görürük. Belə ki, prosesi zamana yaymaqla öz maraqlarını müdafiə etmək və istədiyini almaq İranın taktikasından biridir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında münasibətlərdə gərginlik davam etsə də, tərəflər arasında diplomatik kanallar tamamilə bağlanmayıb. Bu fonda mümkün danışıqların bərpası üçün hansı şərtlərin irəli sürüləcəyi və tərəflərin qarşılıqlı güzəştlərə nə dərəcədə hazır olduğu əsas suallardan birinə çevrilib. İran Prezidenti Məsud Pezeşkian ABŞ-la münasibətlərdə etimad probleminə diqqət çəkərək, Vaşinqtonun əvvəlki razılaşmalara əməl etməsinin və təzyiq siyasətindən uzaqlaşmasının vacibliyini bildirib. Pezeşkianın mövqeyi İran-ABŞ dialoqunun perspektivləri və danışıqların mümkün formatı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Siyasi şərhçi qeyd edib ki, dialoqa açıq olmaqla yanaşı, müəyyən şərtlərin irəli sürülməsi beynəlxalq ictimai rəyi yönləndirməyə hesablanıb.
"Yəni İran tərəfi o görüntünü yaratmaq istəyir ki, onlar danışıqlara hazırdırlar, masaya otura bilərlər, amma qarşı tərəfdən müəyyən istəkləri var və bunlar yerinə yetirilməlidir. O baxımdan götürdükdə, mən düşünürəm ki, bir formada proses yürüməlidir. Yəni İranda iki xəttin mövcud olduğu bəllidir: biri mülki siyasətin, yəni islahatçı qanadın ortaya qoyduğu mövqedir, digər isə hərbi qanadın irəli sürdüyü siyasətdir. Bunlar da kifayət qədər prosesə təsir edən amil kimi qiymətləndirilməlidir. Hazırkı mərhələdə Amerika və İran arasında birbaşa danışıqların keçirilməsi üçün hələlik mən zəmin görmürəm. Bunun üçün gərək müddət keçsin, danışıqlar aparılsın, vasitəçilərin nəticəsində və dolayısı ilə danışıqlarda müəyyən razılaşmalar əldə olunsun ki, bunun ardından, əvvəllər olduğu kimi, birbaşa danışıqlara gedilə bilsin. Yəni birbaşa danışıqlara getmək üçün zəmin olacaqsa, o deməkdir ki, prosesi irəli aparmaq mümkün olacaq. Hazırkı şəraitdə belə bir zəminin olduğunu düşünmürəm".
Rəfiqə Namazəliyeva,
AzNews.az