Sülh prosesi davam edir: Qarşıda hansı məsələlər dayanır?

28 Sentyabr 2026 18:03 (UTC+04:00)

"Hazırda Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmadan sonra sakitlik hökm sürür. Sülhün davamlı və dayanıqlı olması üçün isə tərəflərin səmimi addımları və ölkə rəhbərlərinin siyasi iradəsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə üzərinə düşən məsələləri ardıcıl şəkildə yerinə yetirir. Ölkə ərazisindən Ermənistana tranzit yolların açılması, neft icracı və digər məhsulların ixracına imkan yaradılması, eləcə də daha əvvəl Ermənistan tərəfinə sülh sazişi təklifinin irəli sürülməsi Azərbaycanın sülh niyyətini göstərən addımlardır. Bu siyasət həm beynəlxalq, həm də regional baxımdan yeni reallıqlar formalaşdırır. Azərbaycan hazırda regionda sabitliyin təmin olunması istiqamətində praktiki addımlar atan əsas tərəflərdən biridir. Müxtəlif qüvvələrin prosesə təsir göstərmək cəhdlərinə baxmayaraq, Azərbaycan bu istiqamətdə siyasi iradə nümayiş etdirir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində son dövrlərdə diplomatik təmaslar və qarşılıqlı əlaqələrin inkişafı istiqamətində müəyyən addımlar atılsa da, tərəflər arasında əldə olunan razılaşmaların davamlılığı və gələcəkdə mümkün risklər məsələsi müzakirə mövzusu olaraq qalır. Sentyabrın 24-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirdiyi görüşdə sülh prosesinin gedişi, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələləri müzakirə olunub. Erməni konfliktoloq Hrayr Palyan isə Azərbaycan və Ermənistan arasındakı sülhü “soyuq sülh” kimi qiymətləndirərək, mövcud razılaşmaların kövrək olduğunu və müəyyən şərtlər daxilində hərbi qarşıdurmanın yenidən başlaya biləcəyini iddia edib. Bu açıqlama fonunda regionda sülhün davamlılığı, mümkün risklər və iki ölkə arasında münasibətlərin gələcək perspektivləri yenidən diqqət mərkəzinə gəlir.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan tərəfindən isə sülh prosesinin tam başa çatması üçün bir sıra məsələlər üzrə konkret addımlar gözlənilir.

"Bunlara konstitusiya dəyişiklikləri, humanitar məsələlərin həlli, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də minalarla bağlı problemlərin aradan qaldırılması daxildir. Ermənistanın 30 illik işğal dövründə və sonrakı mərhələdə Azərbaycan ərazilərinin minalanması nəticəsində bu gün də insan tələfatı və xəsarətlər baş verir. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməsi və bu problemin həllinə real töhfə verilməsi sülh prosesinin mühüm istiqamətlərindən biridir.

Bununla yanaşı, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, sayı 4 minə yaxın olan azərbaycanlıların taleyi ilə bağlı məlumatların təqdim edilməsi və bu istiqamətdə araşdırmaların aparılması da vacib məsələlər sırasındadır. Bu məsələlər tam həllini tapmadığı müddətdə sülh prosesinin yekun mərhələyə çatması çətinləşir. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi və siyasi iradə nümayiş etdirməsi davamlı sülhün əsas şərtlərindən biridir. Digər mühüm məsələ Ermənistan cəmiyyətində Qarabağın statusu ilə bağlı yanaşmaların dəyişməsidir. Qarabağın Azərbaycan ərazisi olması beynəlxalq müstəvidə, o cümlədən BMT sənədlərində təsbit edilib və Ermənistanın Baş naziri Nikol Paşinyan da bu reallığı Praqa görüşündə qəbul edib. Bununla belə, Ermənistanda bəzi qüvvələrin Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdləri sülh prosesinə mənfi təsir göstərə bilər. Bu baxımdan Ermənistan hakimiyyətinin bütün dairələrinin və cəmiyyətinin mövcud reallıqları qəbul etməsi mühüm əhəmiyyət daşıyır. Otuz il ərzində formalaşdırılmış yanaşmalar Qarabağ müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra yeni reallıqlarla əvəzlənib. Davamlı sülh üçün Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı mövqenin Ermənistanın həm rəsmi siyasətində, həm də ictimai diskursunda aydın şəkildə ifadə olunması vacibdir. Ermənistan sülh prosesinin davam etdirilməsində maraqlıdırsa, qeyd olunan məsələlərin həlli istiqamətində vaxt itirmədən konkret və ardıcıl addımlar atmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az