Gələcəkdə yerüstü metro xətləri çəkilə bilər

1 Oktyabr 2013 12:35 (UTC+04:00)
Azərbaycanda gələcəkdə paytaxta yaxın yerləşən ərazilərə yerüstü metro xətləri çəkilə bilər.


Lakin bu üsuldan Sumqayıt kimi uzaq məsafələrə deyil, nisbətən daha yaxın ərazilər üçün istifadə oluna bilər. Bu barədə "APA-Economics"ə Bakı Metropoliteninin inşaat işləri üzrə rəisi müavini Rizvan Bayramov Sumqayıt şəhərinə metro xəttinin çəkilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Sumqayıt şəhərinə metro xəttinin çəkilməsi asan məsələ deyil və çoxlu maliyyə xərcləri tələb edir: "Mövcud metro xətlərinin uzunluğu təqribən 31,5 km-dir. Əgər metro xəttini "Avtovağzal" stansiyasından Sumqayıta qədər davam etdirsək, xətt əlavə olaraq təqribən 30-35 km davam etməlidir. Yəni, 1967-ci ildən bu vaxta qədər tunel tikintisində nə qədər məsafə qət edilibsə, indi də təqribən o qədər xətt çəkilməlidir".

Digər tərəfdən R.Bayramov "20 Yanvar" metro stansiyasının ərazisindən Sumqayıt istiqamətində yerləşən yaşayış massivlərində sıxlığın nisbətən az olduğunu və bunun üçün əlavə metro xəttinin vacib olmadığını vurğulayıb: "Lakin bir çox ölkələrdə şəhər mərkəzindən uzaqlaşdıqca metro xətləri yerin üstü ilə çəkilir. Gələcəkdə bu, Azərbaycanda da mümkündür. Sumqayıta qədər olmasa da, hər halda yaxın ərazilərə qədər davam etdirilə bilər".

AzNews.az