Dövlət məktəblərinə ayrılan vəsait necə hesablanacaq?

28 Sentyabr 2026 18:24 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2026-cı il sərəncamına əsasən, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək və adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək. Bu qərarın mahiyyəti ondan ibarətdir ki, dövlət məktəblərinə ayrılan vəsait şagirdlərin sayına əsasən hesablanacaq və şagirdin oxuduğu təhsil səviyyəsinə uyğun əlavə əmsal tətbiq ediləcək. Yəni bütün şagirdlər üçün məktəbə ayrılan maliyyə eyni məbləğdə hesablanmaya bilər. İbtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə xərclər fərqli əmsallarla artırıla bilər. Məsələn, ibtidai sinif üçün əgər 1000 manat şagird başına xərc nəzərdə tutulursa, yuxarı siniflərdə bu məbləğ dəyişərək artırıla, yəni 1200 manat ola bilər. Bununla yanaşı, hər hansı bir məktəbdə 600 şagird varsa və hər birinə düşən maliyyələşmə məbləği 1000 manat deyil, təhsil səviyyələrinə görə dəyişəcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, Prezidentin imzaladığı fərmanla dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmində yeni yanaşmanın tətbiqi nəzərdə tutulur. Yeni sistem çərçivəsində məktəblərə ayrılan büdcə vəsaitinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biri şagird sayı olacaq. Bu isə təhsil müəssisələrinin maliyyə təminatının onların şagird kontingentinə uyğun formalaşdırılmasına imkan verəcək.

Ekspert qeyd edib ki, əgər müəyyən təhsil səviyyəsindəki şagirdlərə daha yüksək əmsal tətbiq edilərsə, həmin şagirdlərə uyğun hesablanan maliyyə də artar.

"Əsas məqsəd məktəblərin maliyyələşməsini şagird sayına və təhsil səviyyəsinə uyğunlaşdırmaqdır. Qərara əsasən, şagird sayı çox olan məktəb ümumi hesabla daha çox vəsait ala bilər. Lakin şagird sayı az olan məktəbin hər şagirdə düşən maliyyələşməsi mütləq daha az olmayacaq. Şagird sayı az olan məktəblərdə zəruri ehtiyaclara görə müəyyən məbləğdə vəsait nəzərdə tutula bilər. Bunun üçün maliyyə vəsaitinin məktəblərin şagird sayı, yerləşmə ərazisi və təhsil səviyyəsi üzrə hesablanması Nazirlər Kabinetinə həvalə edilir. Nazirlər Kabineti bir ay müddətində fərmandan irəli gələn tətbiq etmə qaydalarını həll edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Qərarın üstün cəhətlərindən biri də məktəb rəhbərlərinin şagird sayının azalmaması istiqamətində səy göstərməsi olacaq. Məktəblərin şagird sayına əsasən maliyyələşdirilməsi məktəblərdə rəqabəti formalaşdıracaq. Beynəlxalq təcrübədə bu qərarın dünyanın inkişaf etmiş ölkələrində də tətbiq olunduğunu müşahidə edirik. ABŞ, İngiltərə, Kanada, Danimarka, Avstraliya, Baltikyanı ölkələr və s".

Rəfiqə Namazəliyeva,

AzNews.az