Əraqçi: İran ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı rəsmi cavabını gözləyir

29 Sentyabr 2026 10:35 (UTC+04:00)

İran ABŞ-nin Hörmüz boğazının yenidən açılması ilə bağlı təklifinə rəsmi cavab gözləyir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, bu məsələ ilə bağlı Nyu-Yorkda Qətər vasitəçiləri ilə əlavə danışıqlar aparılıb.

Onun sözlərinə görə, Qətərli vasitəçi daha əvvəl İran rəsmiləri ilə görüşərək Tehranın şərtlərinin yerinə yetirilməsi ilə bağlı təklifləri müzakirə edib. Qətər bu təklifləri Vaşinqtona çatdıracaq və daha sonra ABŞ-nin cavabını İrana ötürəcək. Araqçi bildirib ki, Doha çərşənbə gününədək cavab almağa ümid edir.

“Biz vasitəçilər vasitəsilə ABŞ-dən rəsmi cavab gözləyirik”, – Əraqçi deyib.

Nazir İranın mövqeyini yumşaltması ilə bağlı yayılan xəbərləri də təkzib edib. O bildirib ki, Tehran heç bir güzəştə getməyib və ictimaiyyəti bəzi KİV-lərdə qəsdən yayılan spekulyasiyalara inanmamağa çağırıb.

Əraqçinin sözlərinə görə, Tehranın mövqeyi dəyişməyib və Hörmüz boğazının yenidən açılması İranın şərtlərinin yerinə yetirilməsindən asılıdır.

“Hazırda yeganə məsələ Hörmüz boğazıdır. İranın şərtləri tamamilə ədalətli və məntiqlidir. Əgər amerikalılar razılaşma və ya sülh yolu ilə həll istədiklərini deyirlərsə, biz bu həlli təqdim etmişik”, – o bildirib.

Əraqçi Nyu-Yorkdan Tehrana yola düşdüyünü və Vaşinqtonun cavabı alındıqdan sonra rəsmilərin bundan sonra necə hərəkət edəcəklərinə qərar verəcəklərini deyib.

Nazirin sözlərinə görə, Qətər və Pakistan daha əvvəl də iki tərəf arasında mesajların ötürülməsində vasitəçilik edib. Lakin İran öz planını təqdim etdikdən sonra tərəflər arasında əlaqələr daha ciddi xarakter alıb.

Mövsüm,

AzNews.az