Qətərli və pakistanlı vasitəçilər ABŞ ilə İran arasında razılaşmanın əldə olunması məqsədilə danışıqları davam etdirirlər.
Axios xəbər platformasına danışan ABŞ rəsmiləri bildiriblər ki, Prezident Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində Tehrana tətbiq edilən sanksiyaları yumşaltmağa və dondurulmuş İran fondlarını azad etməyə hazırdır.
Danışıqlar barədə məlumatlı ABŞ rəsmisi görüşləri “müsbət və konstruktiv” kimi qiymətləndirərək İranın nüvə məsələlərində “çevik” mövqe nümayiş etdirdiyini bildirib.
Tərəflər arasında hələ də fikir ayrılıqlarının olduğunu qeyd edən rəsmiyə görə, “nüvə məsələləri müzakirə edilmədiyi təqdirdə” razılaşmanın əldə olunması mümkün deyil.
“Tərəflər öhdəliklərin hansı vaxtda yerinə yetiriləcəyi və ilk addımı kimin atacağı məsələsində hələ də fikir ayrılığı yaşayırlar”, – ABŞ rəsmisi deyib.
Hörmüz boğazında gəmi hərəkətliliyinin artmaqda davam etdiyini vurğulayan rəsmisi bildirib:
“Blokada və sanksiyalar İranın mövqeyini zəiflətməkdə davam edir. ABŞ-nin mövqeyi hər keçən gün güclənir. Prezident Tramp səbirli davranmağa davam edir və İranın heç vaxt nüvə silahına sahib olmaması məqsədinə tam sadiqdir”.
Rəsmi Ağ Evin İranın vədlərinə şübhə ilə yanaşdığını qeyd edib. Onun sözlərinə görə, ABŞ Tehranın ciddi olduğunu və yalnız düşdüyü çətin vəziyyətdən çıxmağa çalışmadığını göstərən təminatlara ehtiyac duyur.
Mövsüm,
AzNews.az