ABŞ İraqdan çıxır: Vaşinqtonun Yaxın Şərq strategiyası dəyişir?

29 Sentyabr 2026 14:54 (UTC+04:00)

"ABŞ qoşunlarının İraqdan çıxarılması şübhəsiz ki, Vaşinqtonun Yaxın Şərqdə hərbi iştirak modelində mühüm dəyişiklikdir. Bilirik ki, ABŞ və İraq hələ 2024-cü ildə koalisiya qüvvələrinin missiyasının mərhələli şəkildə başa çatdırılması barədə razılaşmışdı və razılaşmada sonuncu ABŞ qüvvələrinin sentyabrın 30-dək ölkədən çıxması nəzərdə tutulurdu. Bununla belə, bu, Vaşinqtonun İraqla təhlükəsizlik əməkdaşlığının tamamilə başa çatması demək deyil. Belə ki, bundan sonra da kəşfiyyat mübadiləsi, informasiya paylaşımı, silah proqramları və digər ikitərəfli mexanizmlərin davam etdirilməsi planlaşdırılır. Bu prosesin İran üçün əsas üstünlüyü ondan ibarətdir ki, Tehran üzərində İraqda mövcud olan birbaşa ABŞ hərbi çəkindiricilik amili zəifləyir. Onu da nəzərə alaq ki, İranın İraqdakı təsiri yalnız siyasi əlaqələrdən ibarət deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, ABŞ qoşunlarının İraqdan çıxarılması Vaşinqtonun Yaxın Şərqdəki hərbi siyasətinin gələcək istiqaməti ilə bağlı müzakirələri aktuallaşdırır. İraqda təhlükəsizliyin təmin olunmasında əsas yükün yerli qüvvələrin üzərinə keçməsi ilə ABŞ-nin Bağdadla əməkdaşlığını məsləhət, təlim və kəşfiyyat sahələrində davam etdirməsi gözlənilir. Bu dəyişiklik Vaşinqtonun regionda hərbi mövcudluğunun xarakterinə də təsir edə bilər. Belə ki, ABŞ-nin birbaşa hərbi iştirakını azaltmaqla tərəfdaş ölkələrin təhlükəsizlik və müdafiə imkanlarının artırılmasına daha çox üstünlük verib-verməyəcəyi diqqət mərkəzinə gəlir.

Siyasi şərhçinin sözlərinə görə, Tehrana yaxın silahlı qruplar ölkənin təhlükəsizlik və siyasi sistemində əhəmiyyətli təsir imkanlarına malikdir.

"ABŞ qoşunlarının çıxması həmin qrupların özlərini daha rahat hiss etməsinə şərait yarada bilər. Lakin bu avtomatik olaraq İraqın İranın nəzarətinə keçməsi də demək deyil. Əksinə, Bağdadın qarşısında konkret öhdəlik var və əsas məsələ dövlətin bütün silahlı qüvvələr üzərində nəzarətini gücləndirməkdir. İraq hökuməti də artıq İranla əlaqəli silahlı qrupların tərksilahı və ya dövlət strukturlarına inteqrasiyası istiqamətində prosesə başlayıb. Düzdür bu prosses özü də kifayət qədər mürəkkəbdir. Çünki əsas problem yalnız silahların dövlətə təhvil verilməsi deyil, həmin qrupların komandanlıq və loyallığının həqiqətən dövlətə keçib-keçməyəcəyidir. ABŞ-nin çıxışı sözsüz ki, Suriya məsələsini də daha həssas edir. İraqdakı ABŞ mövcudluğu uzun müddət Suriyada İŞİD-ə qarşı əməliyyatların logistika, kəşfiyyat və dəstək bazalarından biri olub. İraq ərazisindəki koalisiya missiyasının başa çatması ilə Vaşinqtonun Suriyadakı hərbi fəaliyyətini hansı logistika və kəşfiyyat infrastrukturu ilə dəstəkləyəcəyi sualı yaranır. Bundan başqa, İŞİD-in İraq və Suriyada tamamilə aradan qalxmadığı da nəzərə alınmalıdır. Son məlumatlara görə İraq təhlükəsizlik strukturları və kürd qüvvələri də ABŞ-nin kəşfiyyat, PUA və logistika dəstəyinin azalmasının İŞİD-in yenidən fəallaşması riskini artıra biləcəyindən narahatlıq ifadə edirlər. Görünən odru ki, Vaşinqtonun yanaşmasında müəyyən strategiya dəyişikliyi baş verir. Yəni, böyük sayda ABŞ hərbçisinin yerləşdirilməsindənsə, yerli orduların imkanlarının artırılması, kəşfiyyat əməkdaşlığı və seçilmiş təhlükəsizlik tərəfdaşlıqları ön plana çıxır. Bu, ABŞ üçün həm hərbi xərcləri və personal risklərini azaltmaq, həm də region ölkələrini öz təhlükəsizliklərinə daha çox məsuliyyət daşımağa sövq etmək baxımından əhəmiyyətlidir. Ümumilikdə isə bəli, ABŞ-nin İraqdan çıxması İran üçün siyasi və təhlükəsizlik baxımından müəyyən əlavə imkan yaradır, xüsusilə də İraqdakı İran yönümlü silahlı qrupların fəaliyyət sahəsi baxımından. Amma bunun uzunmüddətli nəticəsini ABŞ qoşunlarının sayından çox, Bağdadın öz ərazisində silahlı qüvvələr üzərində real dövlət nəzarəti qurub-qura bilməsi müəyyən edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az