İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən “Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması” xidməti elektronlaşdırılıb.
AzNews.az xəbər verir ki, əvvəllər bu xidmət üzrə müraciətlərin qəbulu və icra nəticəsində hazırlanan cavab məktublarının təqdim edilməsi kağız daşıyıcıda həyata keçirilirdisə, artıq proses tam elektron qaydada təşkil olunur.
Bildirilib ki, mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslərin müraciəti əsasında göstərilən xidmət torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi və sərhəd nöqtələrinin koordinatlarının təyin edilməsini əhatə edir.
Xidmət çərçivəsində texniki sənədlərdə göstərilən döngə nöqtələri müasir geodeziya ölçü cihazları vasitəsilə yer üzərində dəqiq müəyyən edilir və mülkiyyətçiyə təqdim olunur. Bu prosedurun torpaq sərhədləri ilə bağlı yarana biləcək mübahisələrin qarşısının alınmasına, həmçinin tikinti işlərindən əvvəl ərazinin dəqiq nişanlanmasına imkan verdiyi qeyd olunub.
Yeni qaydalara əsasən, vətəndaşlar İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı vasitəsilə xidmətə onlayn müraciət edə bilərlər. Müraciətin icrası başa çatdıqdan sonra hazırlanmış rəsmi cavab məktubu elektron formada xüsusi link vasitəsilə göndərilir.
Elektronlaşmanın xidmətə çıxışı asanlaşdırdığı, vətəndaşların vaxt və əlavə xərclərini azaltdığı bildirilib.