Xətainin heykəli ilə bağlı rəsmi açıqlama

29 Sentyabr 2026 15:57 (UTC+04:00)

Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

AzNews.az xəbər verir ki, bu barədə Axar.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

“Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir.

Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.

Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək.

Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, - deyə bildirilib.

Qeyd edək ki, Xətainin heykəlinin üzərində kiçik hərflərlə "Nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov" (həm də rusca - red.) sözləri yazılıb.