Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib.
AzNews.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Avropa Komissiyası arasında Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib.
Bildirilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin olunması yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verə bilər.
Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm strateji bölgə olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi və onun çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru yol əlaqəsinin təmin olunmasına imkan yaradacaq. Buradan keçəcək dəmir yolu xəttinin isə Naxçıvanı Türkiyə ilə birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilməsi nəzərdə tutulur. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin daha da artması üçün yeni imkanlar yaradacağı bildirilib.
Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqətə çatdırılıb. Ordubad rayonunda Tivi və Ordubad su elektrik stansiyalarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvanın enerji potensialının gələcəkdə Cəbrayıl elektrik qovşağı ilə əlaqələndirilməsi, istehsal olunan enerjinin Türkiyəyə ixracı və daha geniş enerji bazarlarına çıxarılması imkanları vurğulanıb.
Nümayəndə heyətinin tərkibində yer alan Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti həyata keçirilməsi nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunub. O, layihələrin maliyyələşdirilməsi istiqamətində bank tərəfindən təqdim olunan imkanları, o cümlədən güzəştli kreditlərin rolunu diqqətə çatdırıb.
Adrien Kirali səfərin əhəmiyyətini vurğulayıb, Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib. Qarşıdakı illərdə Avropa Komissiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.