Tehran-Vaşinqton razılaşması niyə çətin görünür? - TƏHLİL

29 Sentyabr 2026 17:36 (UTC+04:00)

"Məsələ burasındadır ki, bugün bu müharibədə, münaqişədə İran bir dövlət kimi, Amerikaysa hakimiyyətə gəlmiş Tramp və onun komandası kimi görünür. Yəni, Amerika dövlətinin bütün strukturlarının hazırda bu müharibədə maraqlı olduğunu söyləmək belə mümkün deyil. Bu müharibənin görünən tərəfi budur ki, bu müharibə sanki Tramp və onun komandasının müharibəsidir. Ona görə də qətiyyətlə söyləmək olar ki, hazırkı ziddiyyətli məsələlər fonunda İran-Amerika münaqişəsinin həlli yaxın zamanların işi kimi görünmür. Hətta bir qədər irəli getsək, demək olar ki, bu müharibə Trampın hakimiyyətdən getməsindən sonra daha uzun müddətdə həll olunmaq şanslarına malikdir. İndilikdə isə hətta hansısa bir dövr üçün atəşkəs sazişi imzalansa belə, onun uzun müddət davam edəcəyinə etibar yoxdur. İyunun 17-də 14 maddəlik memorandum imzalansa da, tərəflər arasında əldə olunan müvəqqəti razılaşma uzunmüddətli sabitlik təmin etmədi və iyul ayında yenidən hərbi qarşıdurma baş verdi. Ən yaxşı halda hazırkı şəraitdə hansısa bir müddəti əhatə edən atəşkəs barədə razılaşmaq olar. Amma İran və Amerikanın ziddiyyətini fundamental şəkildə həll edə biləcək bir saziş mətnini şəxsən mən təsəvvür etmirəm. Ona görə ki, tərəflərin arasında dəhşətli dərəcədə qarşılıqlı nifrət, inamsızlıq, etimadsızlıq və mənafelərin tam şəkildə bir-birinin ziddinə olduğunu görürük".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında diplomatik təmasların yenidən gündəmə gəlməsi tərəflər arasında mümkün anlaşmanın perspektivlərini aktuallaşdırıb. İranın təqdim etdiyi təklifdə iqtisadi məhdudiyyətlərin aradan qaldırılması, dondurulmuş aktivlərə çıxışın təmin edilməsi və neft ixracının bərpası kimi məsələlərin yer alması danışıqların əsas istiqamətlərindən xəbər verir. Tehran eyni zamanda regional qarşıdurmanın səngidilməsi və Hörmüz boğazında vəziyyətin normallaşdırılması ilə bağlı müəyyən mexanizmlər təklif edir. Lakin tərəflərin mövqelərinin kəsişdiyi məqamlarla yanaşı, ciddi fikir ayrılıqları da qalmaqdadır. Xüsusilə İranın nüvə proqramı üzrə Vaşinqtonun tələbləri ilə Tehranın mövqeyi arasında fərqlər danışıqlar prosesinin əsas maneələrindən biri kimi qiymətləndirilir. ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını əsas şərt kimi irəli sürür, İran isə nüvə proqramı ilə bağlı hüquqlarını qorumaqda israrlıdır. Bu vəziyyət mümkün danışıqların hansı çərçivədə aparılacağı və tərəflərin ortaq məxrəcə gəlib-gələ bilməyəcəyi məsələsini gündəmə gətirir.

Siyasi şərhçi qeyd edib ki, mübahisəli məsələlərin heç biri üzrə ortaq mövqeyə gəlmək belə mümkün deyil.

"İstər İranın nüvə proqramı, istər İranın neft ixracının bərpa olunması, istər onun dondurulmuş aktivlərinin açılması, istər İrana bu müharibədə vurulan ziyanın kompensasiya edilməsi və s. Bu məsələlərdə Amerikanın və İranın razılığa gələ biləcəklərini təsəvvür etmək qeyri-mümkündür. Bütün bunların hamısında İran özünü suveren bir dövlət olaraq şərəfini, ləyaqətini və tarixini görür. Tramp isə iddialı bir şəkildə İran dövlətini məhv etmək tavrından bir dəqiqə olsun çəkinmir. Birləşmiş Millətlər Təşkilatının tribunasında “İranı məhv edəcəyəm” kimi bir bəyanat səsləndirdikdən sonra nə Trampın özü İranla haradasa razılaşa bilər, nə də onların arasında vasitəçilik edə biləcək bir qüvvə görünür. Həmin vasitəçi qüvvə kimi BMT çıxış edə bilərdisə də, BMT-nin tribunasından Trampın və Netanyahunun səsləndirdiyi fikirlər, eləcə də İran prezidentinin tam kardinal şəkildə onlara əks çıxışı deməyə əsas verir ki, İranla Amerika nə özləri razılaşa bilərlər, nə də onların arasında onları barışdıra biləcək bir vasitəçi güc var. Buna görə də onların bu mübahisəsi hələ uzun müddət davam edəcək. Necə deyərlər, İran-Amerika xəmiri hələ çox su aparacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az