Fransada məktəblilərin etirazlarında 400-dən çox şəxs saxlanılıb

30 Sentyabr 2026 14:50 (UTC+04:00)

Fransada orta məktəb şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi nümayişlər zamanı bəzi bölgələrdə baş verən iğtişaşlar səbəbindən 400-dən çox şəxs saxlanılıb.

Paris ətrafındakı aksiyalarda gərginlik

Daxili işlər naziri Loran Nunez BFMTV-yə açıqlamasında, xüsusilə paytaxt Parisin də yerləşdiyi İl-de-Frans regionunda dünən keçirilən nümayişlər zamanı baş verən hadisələri şərh edib.

Nunez bəzi liseylərin mühasirəyə alınması zamanı baş verən zorakılıq hallarına müdaxilənin “mütənasib” olduğunu bildirib. O, nümayişlər zamanı əksəriyyəti 18 yaşdan aşağı olan 400-dən çox şəxsin saxlanıldığını deyib.

Nazirin sözlərinə görə, saxlanılanlar maddi ziyana səbəb olan və vandalizm törətməyə cəhd edən aksiya iştirakçılarıdır.

Nunez hadisələr zamanı 48 polis əməkdaşının yaralandığını bildirib. O, neçə şagirdin xəsarət aldığı barədə məlumat verməyib.

338 məktəb aksiyalardan təsirlənib

Fransa Təhsil Nazirliyi dünən keçirilən nümayişlərdən 338 məktəbin təsirləndiyini, onların 46-sında məktəblərin mühasirəyə alınmasına cəhd göstərildiyini açıqlayıb.

Lisey şagirdləri təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə artıq 10 gündür aksiyalar keçirirlər. Paris ətrafı ilə yanaşı, dünən Lill, Sen-Deni, Renn və Venissyo şəhərlərində keçirilən nümayişlərdə də gərginlik artıb.

Bəzi məktəblərin ətrafında zibil qutularına od vurulub, təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında ayrı-ayrı yerlərdə qarşıdurmalar baş verib.

Mövsüm,

AzNews.az