"Son bir neçə ildir məktəblərin optimallaşdırılması ilə bağlı tədbirlər planı həyata keçirilir. Bu proses isə həm ictimaiyyətdə, həm də kənd sakinləri arasında narazılıqlara səbəb olub. Ancaq nəzərə almaq lazımdır ki, həmin ucqar məktəblərdə artıq müəllim çatışmazlığı vəziyyəti yaranıb. Yəni az tədris olunan fənlər var ki, həmin fənlər üzrə, daha doğrusu, bu ixtisaslar üzrə məktəblər müəllim vakansiyalarını doldurmaqda çətinlik çəkirdilər. Birincisi, həm məktəblərdəki şərait, həm də onların ucqar ərazilərdə yerləşməsi müəllimləri müəyyən qədər bu addımları atmaqdan çəkindirirdi. Yəni orada müəllim olmaq istəyənlər üçün müəyyən həvəsləndirici addımlar atılır. Belə ki, rayon mərkəzindən 20 kilometr aralı məsafədə bir həvəsləndirmə tətbiq olunur, daha uzaq məsafələrdə isə ikinci həvəsləndirmə tətbiq edilir. Lakin bu da müəllimlərin diqqətini çəkmir. Ona görə də şagirdlərin daşınmasının mümkün olduğu, yaxın ərazilərdə yerləşən məktəblərin optimallaşdırılması prosesi bir qədər sürətləndi. Digər hallarda isə, deyək ki, bir qədər ucqar və şagirdlərin daşınmasının çətin olduğu ərazilərdə məktəblərin saxlanılması şərti ilə az tədris olunan fənlər üzrə əlavə müəllimlərin cəlb edilməsi yox, onlayn tədrisin keçirilməsi təklifi irəli sürülür".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, Azərbaycanda ümumi təhsil müəssisələrinin optimallaşdırılması çərçivəsində son illərdə, xüsusilə də bölgələrdə, azkomplektli və şagird sayı aşağı olan bir sıra məktəblərin fəaliyyəti dayandırılıb və ya digər məktəblərlə birləşdirilib. Bu proses əsasən demoqrafik dəyişikliklər, kəndlərdən miqrasiya və şagird sayının azalması ilə əlaqələndirilir. Bununla yanaşı, bəzi məktəblərin binalarının texniki vəziyyəti də onların fəaliyyətinin dayandırılmasına səbəb olur. Məktəblərin bağlanması isə bir sıra suallar doğurur. Belə məktəblərdə təhsil alan şagirdlərin hansı məktəblərə yönləndirilməsi, onların yeni məktəblərə çatım imkanları və təhsildən yayınma riskinin olub-olmaması məsələləri gündəmə gəlir. Digər tərəfdən, bağlanan məktəblərdə çalışan müəllimlərin sonrakı iş təminatı, onlara digər məktəblərdə dərs saatlarının verilib-verilməməsi və əməkhaqqı məsələsi də diqqət çəkir.
Ekspert qeyd edib ki, bunun da müəyyən effekti var.
"Məsələn, məktəb internetlə təmin olunur və fizika, kimya, coğrafiya və yaxud digər az tədris olunan fənləri daha savadlı, tanınmış, biliyi, bacarığı və təcrübəsi çox olan müəllimlər tədris etməyə başlayıblar. Bu da artıq kənddən şəhərə axının müəyyən qədər qarşısını almaq imkanlarını artırır. Yəni bu halda kəndli öz işi ilə məşğul olur, uşaqlar isə əvvəlki qaydada məktəbə gəlirlər. Onlar kompüterin qarşısında və yaxud böyük monitorun önündə oturmaqla həmin tədrisi onlayn qaydada ala bilirlər. O baxımdan, problemlər tam həll olunmasa da, onların müəyyən mənada qarşısını almaq imkanları hələ ki var. Bəzi hallarda məktəblərin optimallaşdırılmasında şagird sayı əsas götürülür, bəzi hallarda isə 50-60 şagirdi olan məktəblərin birləşdirilməsi həyata keçirilir. Amma elə hallar da var ki, məktəbdə şagird sayı azdır, lakin onların daşınması müəyyən problem və çətinlik yarada bilər. Yol infrastrukturu, digər infrastruktur məsələləri və yaxud yaxınlıqda böyük bir məktəbin olmaması həmin məktəbdə onlayn tədrisin, qeyd etdiyimiz kimi, davam etdirilməsinə imkan yaradır".
Rəfiqə Namazəliyeva,
AzNews.az