Prezident: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

1 Oktyabr 2026 10:30 (UTC+04:00)

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır”.

Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin AQEM Media Forumunun iştirakçılarına müraciətində deyilir.

“Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir”, - dövlət başçısı qeyd edib.