Satıcılar necə aldadılır? - Ekspertdən xəbərdarlıq

1 Oktyabr 2026 16:10 (UTC+04:00)

"Təəssüf ki, süni intellekt texnologiyaları və müasir qrafik vasitələr bu gün dələduzların əlində əsl silaha çevrilib. Əvvəllər saxta sənədlər hazırlamaq çətin idisə, indi süni intellekt alqoritmləri və xüsusi mobil tətbiqlər vasitəsilə saniyələr ərzində istənilən bankın rəsmi qəbzinin tam eynisini yaratmaq mümkündür. Fırıldaqçılar həmin saxta sənədlərə real möhürlər, şriftlər, barkodlar və ya QR-kodlar əlavə edirlər. Satıcı və ya xidmət təminatçısı həmin qəbzi görəndə heç bir şübhə qalmır, çünki sənəd ilk baxışdan tamamilə gerçək görünür. Lakin reallıqda həmin vəsait nə satıcının kartına, nə də balansına köçürülür".

Bu fikirləri Aznews.az-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Fərid Əmirov deyib.

Qeyd edək ki, son dövrlər ödənişlərin həyata keçirilməsi ilə bağlı saxtakarlıq hallarının yeni üsulları ilə bağlı narahatlıqlar artır. Xüsusilə onlayn satış və xidmət zamanı bəzi şəxslər qarşı tərəfə saxta ödəniş qəbzi göndərərək pul köçürdükləri görüntüsü yaradırlar. Nəticədə satıcı qəbzə inanaraq məhsulu və ya xidməti təqdim edir, lakin sonradan ödənişin hesabına daxil olmadığı məlum olur.

Ekspert qeyd edib ki, satıcı isə yalnız sonradan aldadıldığını anlayır.

"Saxta qəbzlərlə yanaşı, vətəndaşları aldatmaq üçün saxta SMS və bank bildirişlərindən də geniş istifadə olunur. Bu üsul bir sıra ciddi təhlükələr və risklər ortaya çıxarır: "Spufinq" (Nömrə saxtalaşdırılması) təhlükəsi: Dələduzlar xüsusi proqramlar vasitəsilə mesajı məhz bankın rəsmi adından və ya nömrəsindən göndərilmiş kimi göstərə bilirlər. Nəticədə həmin mesaj telefonunuzdakı rəsmi bank bildirişləri qovluğuna düşür. Psixoloji təzyiq və tələskənlik: Saxta SMS-lərdə adətən "Hesabınıza x qədər məbləğ mədaxil edildi" və ya "Əməliyyat təsdiqləndi" tipli yalançı məlumatlar yer alır. Satıcı məşğul olduğundan və ya tələsdiyindən dərhal mobil tətbiqə girib balansı yoxlamır, sadəcə mesaja etibar edərək məhsulu təhvil verir. Şəxsi məlumatların oğurlanması riski: Bəzi hallarda bu saxta bildirişlərin içində "Balansı yoxlamaq üçün bu keçidə daxil olun" tipli saxta linklər olur. Vətəndaş həmin keçidə daxis olduqda isə bütün bank kartı məlumatları fırıldaqçıların əlinə keçə bilər. Müştərinin təqdim etdiyi ekran görüntüsünə, qəbzi və ya gələn SMS-ə güvənmək artıq kifayət deyil. Ən etibarlı və təhlükəsiz yol – hər hansı bir ödəniş edildiyini iddia edən şəxsin qarşısında dərhal öz mobil tətbiqinizi və ya internet bankçılığınızı açaraq vəsaitin həqiqətən də balansınıza daxil olub-olmadığını yerindəcə yoxlamaqdır. Həmişə diqqətli olaq, zəhmətkeşlərimizin qazancının dələduzların əlinə keçməsinə imkan verməyək".

Rəfiqə Namazəliyeva,

AzNews.az