Paşinyanın çətin seçimi: Ermənistanın İranla əlaqələrinə görə ABŞ sanksiyalarını gözə alacaq?

1 Oktyabr 2026 16:57 (UTC+04:00)

"Ermənistan ABŞ-nin İrana qarşı sərtləşdirdiyi sanksiya siyasətinin yaratdığı yeni geosiyasi və iqtisadi dilemmanın qarşısındadır. İrəvan bir tərəfdən İranla münasibətləri qorumaqda maraqlıdır, digər tərəfdən isə Vaşinqtonla getdikcə dərinləşən siyasi və iqtisadi əməkdaşlığın yaratdığı öhdəlikləri nəzərə almalıdır. Baş nazir Nikol Paşinyanın yeni sanksiyalar paketini araşdırdıqlarını və Ermənistanın özünü sanksiya təhlükəsi ilə üz-üzə qoyacaq həddi keçməyəcəyini bildirməsi məhz bu iki istiqamət arasında yaranan ziddiyyətin açıq ifadəsidir. Burada əsas məqam ondan ibarətdir ki, Ermənistan üçün İranla əlaqələr sadəcə siyasi münasibətlər məsələsi deyil. Tehran İrəvan üçün enerji, nəqliyyat və regional ticarət baxımından mühüm tərəfdaşdır. Ermənistanın rəsmi məlumatlarına görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 768 milyon dollar təşkil edib və enerji sahəsində “qaz-elektrik” mübadiləsi, elektrik ötürücü xətləri və Şimal-Cənub dəhlizi kimi layihələr mövcuddur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar Ermənistanın qarşısında müəyyən çətinliklər yaradıb. Bir tərəfdən Tehranla münasibətləri qorumağa çalışan İrəvan, digər tərəfdən Vaşinqtonun sanksiya siyasətinin mümkün nəticələrini nəzərə almalıdır. Baş nazir Nikol Paşinyanın yeni sanksiyalar paketinin Ermənistan tərəfindən nəzərdən keçirildiyini bildirməsi də bu baxımdan diqqət çəkir. Açıqlama İrəvanın İranla münasibətlərində müəyyən dəyişikliklərin baş verə biləcəyi ehtimalını gündəmə gətirir. Hazırda Ermənistan üçün əsas məsələlərdən biri ABŞ-nin sanksiyalarının ölkə iqtisadiyyatına mümkün təsirlərinin qarşısını almaqdır. Bu vəziyyət İrəvanın Tehranla iqtisadi əlaqələrini əvvəlki şəkildə davam etdirib-etdirməyəcəyi ilə bağlı suallar yaradır. Qarşıdakı dövrdə Ermənistanın İranla əməkdaşlığında müəyyən məhdudiyyətlərə gedib-getməyəcəyi də diqqət mərkəzində olacaq.

Siyasi şərhçi qeyd edib ki, diqqətçəkən məqam ondan ibarətdir ki, Paşinyan bu açıqlamadan cəmi bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkianla görüşərək iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib.

"Deməli, İrəvanın Tehranla münasibətləri azaltmaq barədə hazırda elan edilmiş siyasi qərarı yoxdur. Əksinə, Ermənistan rəsmiləri əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Lakin Vaşinqton faktorunun çəkisi də əvvəlki illərlə müqayisədə xeyli artıb. ABŞ və Ermənistan arasında TRIPP çərçivəsində imzalanmış strateji əməkdaşlıq sənədi iqtisadi, nəqliyyat və infrastruktur layihələri üzrə daha sıx əlaqələr nəzərdə tutur. Sənəddə ABŞ-nin maliyyə və institusional iştirakının artırılması, Ermənistan ərazisində yeni nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu fonda İrəvanın qarşısında olduqca praktik seçim yaranır: İranla əlaqələri tamamilə kəsmək yox, həmin əlaqələrin ABŞ sanksiyalarının əhatə dairəsinə düşməyəcək formalarını müəyyənləşdirmək. Başqa sözlə, Ermənistanın yaxın perspektivdə Tehranla diplomatik və iqtisadi münasibətlərdən imtina etməsindən daha çox, riskli əməliyyatları məhdudlaşdırması, müəyyən sahələrdə daha ehtiyatlı davranması və sanksiyalara düşə biləcək şirkət və maliyyə kanallarından uzaq dayanması mümkündür. ABŞ-nin son aylarda İrana münasibətdə üçüncü ölkələrə və şirkətlərə qarşı ikinci dərəcəli sanksiya riskini açıq şəkildə gündəmə gətirməsi də bu ehtimalı gücləndirir. Xüsusilə enerji, bank-maliyyə, nəqliyyat və logistika sahələri burada həssas istiqamətlərə çevrilə bilər. Ermənistanın İranla iqtisadi münasibətlərinin həcmi böyük iqtisadiyyatlar üçün nəhəng rəqəm olmasa da, İranla sərhədin Ermənistan üçün strateji əhəmiyyəti yüksəkdir. Buna görə İrəvanın bütün münasibətləri bir anda kəsməsi həm iqtisadi, həm də regional bağlantılar baxımından əlavə problemlər yarada bilər. Nəticə etibarilə, Ermənistanın qarşısında “İran, yoxsa ABŞ” formatında sadə seçimdən daha mürəkkəb məsələ dayanır. İrəvanın əsas məqsədi böyük ehtimalla Tehranla münasibətlərin mümkün qədər qorunması, eyni zamanda Vaşinqtonun müəyyən etdiyi sanksiya həddinin keçilməməsidir. Paşinyanın “qırmızı xətt” barədə açıqlaması da məhz bunu göstərir: Ermənistan İranla münasibətlərini davam etdirmək istəyir, amma bu münasibətlərin ABŞ-nin sanksiya mexanizmləri ilə toqquşmasının ölkə iqtisadiyyatına və Vaşinqtonla qurulan yeni əməkdaşlıq formatlarına zərər vurmasına imkan vermək istəmir. Bu səbəbdən qarşıdakı dövrdə Ermənistan–İran münasibətlərində əsas dəyişiklik diplomatik səviyyədə deyil, daha çox iqtisadi əməliyyatların xarakterində və miqyasında özünü göstərə bilər. İrəvan Tehranla əlaqələri formal olaraq qoruyaraq, Vaşinqtonun sanksiya siyasətinin yaratdığı riskləri minimuma endirməyə çalışa bilər. Ermənistan üçün ən çətin məsələ də məhz bu balansın harada pozulacağıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az