"Məktəblərdə dərs bölgüsü prosesi sadəcə inzibati-texniki prosedur deyil, birbaşa məktəbdəki mənəvi-psixoloji iqlimi, müəllim heyəti arasındakı sağlam münasibətləri və təhsilin keyfiyyətini müəyyən edən strateji məsələdir. Ağstafada yaşanan məlum insident çox təəssüf doğurur və bir daha göstərir ki, idarəetmədə şəffaflıq və idarəetmə prinsipi pozulduqda, yaxud menecment mexanizmləri düzgün qurulmadıqda, bu, hətta fiziki münaqişəyə qədər böyüyə bilir. Müəllim adının ziyalı obrazının bu cür xəbərlərlə gündəmə gəlməsi, ümumiyyətlə, düşünürəm, cəmiyyətdə təhsilə və müəllim peşəsinin nüfuzuna vurulan böyük bir zərbədir. Dərs bölgüsü zamanı narazılıqların və bu kimi xoşagəlməz halların qarşısını almaq üçün proses ilk növbədə hüquqi, obyektiv və şəffaf meyarlar əsasında aparılmalıdır. Dərs saatlarının paylanmasında müəllimin diaqnostik qiymətləndirmə və ya sertifikatlaşdırma nəticələri, peşəkarlıq səviyyəsi, pedaqoji stajı, metodiki fəallığı kimi əsas göstəricilər əsas götürülməlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli deyib

Qeyd edək ki, Ağstafada Əmirxan Hüseynov adına 1 nömrəli məktəbdə müəllimlər arasında dərs bölgüsü ilə bağlı insident baş verib. Məlumata görə, müəllimlərdən biri digərinə xəsarət yetirib və zərərçəkən tibbi yardım üçün xəstəxanaya müraciət edib. TƏBİB-dən bildirilib ki, pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu qoyulub, zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Ekspert qeyd edib ki, ən vacib məqam bu meyarların əvvəlcədən müəyyənləşdirilməsi və məktəbin pedaqoji şurasında, fənn birləşmə rəhbərlərinin iştirakı ilə açıq şəkildə müzakirə olunmasıdır.
"Əgər məktəb rəhbərliyi dərs bölgüsünü təkbaşına subyektiv yanaşmalar, şəxsi münasibətlər və yaxud da müəyyən maraqlar çərçivəsində həyata keçirirsə, orada kollektiv daxilində inamsızlıq və münaqişə qaçılmaz olur. Subyektivliyi minimuma endirmək üçün dərslərin paylanması sistemləşdirilməlidir. Hər bir müəllimə verilən dərs saatının əsaslandırılması kollektiv üçün aydın olmalıdır. Hətta lazım olduğu hallarda daxili apellyasiya və yaxud da qiymətləndirmə komissiyaları fəaliyyət göstərməlidir ki, narazılıqlar anında, müstəqil müstəvidə həll edilsin. Müəllimlər arasında baş verən bu cür açıq konfliktlərin məktəb mühitinə və şagirdlərin psixologiyasına təsiri isə son dərəcə ağırdır. Məktəb şagird üçün yalnız bilik verilən məkan deyil, həm də mənəvi dəyərlərin, davranış mədəniyyətinin, emosional intellektin formalaşdığı bir sosial mühitdir. Müəllim şagird üçün bir davranış rol modelidir. Əgər şagird öz müəlliminin emosiyalarını idarə edə bilmədiyini, problemləri dialoq yolu ilə deyil, zorakılıq və təzyiqlə həll etməyə çalışdığını görürsə, bu, şagirdin gələcək davranış modellərini zədələyir. Şiddəti adi bir həll yolu kimi qavramasına səbəb olur. Bundan əlavə, kollektivdəki gərginlik sinif otaqlarına da sirayət edir. Emosional olaraq tükənmiş və gərgin müəllim keyfiyyətli dərs keçirə, şagirdə fərdi yanaşa bilməz. Bu da bilavasitə təhsilin keyfiyyətinin düşməsinə, şagirdlərdə məktəbə qarşı özgələşməyə, güvənsizlik hissinin yaranmasına gətirib çıxarır. Bir sözlə, müəllimlər arasında hər bir insident mahiyyətcə şagirdlərin təhlükəsiz və sağlam təhsil almaq hüququna vurulan bir zərbədir. Təhsil müəssisələrində idarəetmə standartları yüksəldilməlidir, konfliktlərin idarə olunması mexanizmləri gücləndirilməlidir və bu cür hallara qarşı barışmaz mövqe ortaya qoyulmalıdır deyə düşünürəm".
Rəfiqə Namazəliyeva,
AzNews.az