Yalanlar dili

1 Oktyabr 2013 14:59 (UTC+04:00)


"Azərbaycanlı dili yalanla böyüyür, yalanla yaşayır".

Çingiz Hüseynovun bu sözünü bir anlığa dil necə yalanla böyüyə bilər deyə etiraz etmək istədim. Ancaq...

Dili yalana öyrədən zaman və tarix sonra bu yalanlardan xilas olmaq ucun nələri qurban verməlidir ki, doğrulara çata bilsin?

Dilin yalanla yaşaması çox acı bir əlamət. Yalana öyrəşən insanı xalq "yalançının evi yandı, kimsə inanmadı" deyə tanıyar. Və yalanlaşan cəmiyyətdə dəyər olaraq ancaq yalan işləyirsə, cəmiyyət yalançılar toplumuna çevrilərək hər bir baş verənə "inanmıram" deyə çox soyuq bir reaksiya verəcək.

Azərbaycanlı dilinin yalanı bir maska kimi artıq formalaşıb. Rəsmi və qeyri-rəsmi bu maskanı hər kəs tanıya bilir. Bu maskanı geyənlərin dili nə qədər pərgar olsa da, taftalogiyadan o tərəfə gedə bilmir. "Çöyür tatı ,vur tatı"... Cümlə düşüncədən deyil, yalana bağlanan dildən gəlir.
Dil duyğuların və düşüncələrin tərcüməçisi ola bilməyəndə ya susmağa, ya da yalana meylli olmağa məcburdur.

Dilin böyüməsi və zənginləşməsi onun zaman və tarix içində HİKMƏT xəzinəsinə dönməsi ilə baş verər. Dil bir HİKMƏTLƏR dilinə çevrildikcə axar su misalı öz məcrasını tapar, böyüyər. Azərbaycan dili son yüzildə yalanlar üzərində qurulduğundan quru səhralarda itib.

Dilimizin Osmanlı və rus sözlərinə möhtaclığını yaradan amil budur. Özü böyüyə bilmədiyindən, hikmətləşə bilmədiyindən ona o axarı verən nə varsa, ondan qidalanmaq zorundadır.

Azərbaycan türkcəsini öyə bildiyimiz qədər öyə bilərik, ancaq danışmağa başladığımızda yalanlaşdıqca kasıblasan dilin faciəsini anında görürük.

Bizim dilin dərinliyini və dayazlığını ölçəsi olsaq, bütün faciələrin kökündə duran məhz yalanların olduğunu görərik. Dil yalana sarılıb qaldığı üçün don vurmuş kimi ...

Dilin ədəbi, şeir, rəsmi, elmi, qəzet və xalq arasında günbəgün insanla böyüyən bir ömrü var. İnsanın hikməti dərindirsə dil də dərinləşir, sözlər ruh və can bütövlüyünə can atar. İnsanın yasam fəlsəfəsi dayazlarda çabalayırsa, dil də boğular, donar, kasıblaşar.

Siyasət dili, elm dili, efir dili,.. və dilimiz o qədər bayağılaşıb ki, hələ də bunun fərqində deyilik... Ancaq yalanlar püskürüb DANIŞIRIQ... Dilin nə günahı var ki, bizlər hikmət sahibləri ola bilmirik...

AzNews.az