"Məncə, süni intellekti məktəbdə tam qadağan etmək düzgün yanaşma deyil. Əsas məsələ şagirdə ondan düzgün və məsuliyyətli istifadə etməyi öyrətməkdir. Əgər şagird tapşırığı tam şəkildə süni intellektə hazırladırsa, müəllim onun real biliyini ölçə bilmir. Buna görə qiymətləndirmədə yalnız hazır tapşırığa deyil, şagirdin düşünmə prosesinə də diqqət yetirilməlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Qeyd edək ki, süni intellekt alətlərinin, o cümlədən ChatGPT kimi platformaların təhsil prosesində istifadəsi məktəblərdə şagirdlərin biliklərinin qiymətləndirilməsi ilə bağlı yeni suallar yaradıb. Şagirdlərin ev tapşırıqlarını və yazılı işlərini süni intellekt vasitəsilə hazırlaması müəllimlərin real bilik səviyyəsini müəyyənləşdirməsini çətinləşdirə bilər. Digər tərəfdən, süni intellektdən tamamilə imtina etmək əvəzinə onun təhsil prosesində düzgün və nəzarətli istifadəsi də müasir təhsilin qarşısında duran məsələlərdən biridir.
G. Əkbərova qeyd edib ki, müəllim əlavə suallar verməklə, şagirdə sinifdə qısa yazı yazdırmaqla və hazırladığı işi şifahi şəkildə izah etdirməklə onun mövzunu həqiqətən mənimsəyib-mənimsəmədiyini müəyyən edə bilər.
"Dünya təcrübəsində də əsas yanaşma süni intellekti qadağan etmək deyil, istifadəsini şəffaf və nəzarətli etməkdir. Şagird hansı alətdən və nə məqsədlə istifadə etdiyini açıq göstərməlidir. Məktəblərdə də əsas prinsip bu olmalıdır ki, süni intellekt şagirdin yerinə düşünən vasitə deyil, onun öyrənməsinə kömək edən alət olsun".
Rəfiqə Namazəliyeva,
AzNews.az