"Açıq deyim ki, Türkiyədə bəzi sosial şəbəkə istifadəçilərinin və ayrı-ayrı səhifələrin Azərbaycan əleyhinə, Azərbaycan xalqını aşağılamaya yönəlmiş paylaşımlarını çox mənfi qiymətləndirir və təəssüf hissi ilə izləyirəm. Bu cür paylaşımlara zaman-zaman mən də rast gəlirəm. Düşünürəm ki, belə paylaşımlar edən şəxslərin və qrupların məqsədi hər hansı məsələyə münasibət bildirmək və ya konkret bir prosesi tənqid etmək deyil. Əsas məqsəd Azərbaycan xalqını və Azərbaycan dövlətini aşağılamaya çalışmaq, bununla da Azərbaycan cəmiyyətində Türkiyəyə qarşı mənfi münasibət formalaşdırmaqdır. Bu cür yanaşmalarla Azərbaycan-Türkiyə münasibətlərinə, iki qardaş ölkə arasındakı əlaqələrə zərər vurmaq istəyirlər. Lakin bu məsələlər gündəmə gəldikdən sonra nə Azərbaycan rəsmilərinin Türkiyəyə qarşı hər hansı anti-Türkiyə mövqedən çıxış etdiyini görürük, nə də Türkiyə rəsmilərinin bu istiqamətdə açıqlamalarına rast gəlirik. Hətta, bu hadisələrdən bir gün sonra, sentyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib. Daha sonra Qarabağda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün keçirildiyini də gördük".
Bu fikirləri Aznews.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində olduğu bir vaxtda Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycanla bağlı tənqidi yanaşmaların ön plana çıxması diqqət çəkir. Xüsusilə BMT sammitində Azərbaycan nümayəndə heyətinin İsrail Baş nazirinin çıxışı zamanı zalı tərk etməməsi ətrafında Türkiyədə yaranan müzakirələr məsələni daha da aktuallaşdırıb. Azərbaycan Media və Yayım Şurasının bəzi paylaşımları qərəzli və əsassız hesab etməsi də informasiya müstəvisində müəyyən gərginliyin yarandığını göstərir. Bununla belə, rəsmi səviyyədə Bakı və Ankara arasında siyasi dialoq və müttəfiqlik münasibətləri davam edir.
Siyasi şərhçi qeyd edib ki, bu da Azərbaycan-Türkiyə arasında digər istiqamətlər üzrə əlaqə və əməkdaşlığın davam etdiyini göstərir.
"Heç bir ciddi platforma, media qurumu, dövlət məmuru və ya digər ciddi ictimai-siyasi şəxs bu istiqamətdə münasibətləri gərginləşdirəcək davranış və açıqlamalarla çıxış etməyib. Ona görə də hesab edirəm ki, bu qrupların məqsədi hansısa problemi ortaya qoyaraq onun həllinə çalışmaq deyil. Əsas məqsəd problem yaratmaq və Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmaqdır. Düşünmürəm ki, bu məsələlər strateji münasibətlərimizə, əlaqələrimizə, birgə fəaliyyətimizə, ortaq layihələrimizə və gələcək planlarımıza təsir göstərməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az