Azərbaycanın tranzit potensialının artmasına təsir edən amillər açıqlanıb

3 Oktyabr 2026 15:12 (UTC+04:00)

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir.

Aznews.az xəbər verir ki, Bunu iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın uzunmüddətli nəqliyyat və dəhliz strategiyası ölkənin tranzit imkanlarının genişlənməsi üçün ciddi potensial yaradır.

"Prezidentin çıxışında bir çox vacib istiqamətlərlə yanaşı, Azərbaycanın uzunmüddətli dəhliz strategiyası və bu strategiyanın bu gün yaratdığı reallıqlar xüsusi yer tuturdu. Ölkənin hazırkı tranzit imkanları 20 ildən artıq müddətdə ardıcıl şəkildə həyata keçirilən nəqliyyat siyasətinin nəticəsidir", - deyə ekspert bildirib.

E. Əmirov qeyd edib ki, qlobal logistikanın əhəmiyyəti indiki səviyyəyə çatmazdan əvvəl Azərbaycan liman, dəmir yolu, avtomobil yolları, gəmiçilik və hava daşımaları kimi müxtəlif nəqliyyat infrastrukturlarına böyük investisiyalar yatırıb:

"Bu proses həm dövlət investisiyaları, həm də xarici investisiyaların cəlb edilməsi hesabına həyata keçirilib. Burada Azərbaycanın coğrafi mövqeyi də mühüm üstünlük yaradıb. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bununla yanaşı, Azərbaycan Cənub-Qərb və Şimal-Qərb kimi digər marşrutların da kəsişmə nöqtəsidir. Hələ Orta Dəhliz və Şimal-Cənub dəhlizi anlayışları geniş yayılmamışdan əvvəl Çinin "Bir kəmər, bir yol" təşəbbüsü, eləcə də Avropa ilə Asiyanı birləşdirməyə yönəlmiş TRASEKA layihəsi Azərbaycanın tranzit potensialının formalaşmasında mühüm rol oynayıb".

Ekspertin sözlərinə görə, mövcud infrastrukturun inkişaf etdirilməsi və multimodal nəqliyyat sistemlərinin qurulması Azərbaycanın gələcək tranzit imkanlarının daha da genişlənməsinə şərait yaradır.

"Düşünürəm ki, mövcud infrastrukturun vəziyyəti, eyni zamanda Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları, donanma, hava limanları və digər nəqliyyat elementlərini əhatə edən multimodal sistemlər qurması uzaq gələcək üçün daha böyük potensial haqqında düşünməyə imkan verir", - E. Əmirov vurğulayıb.

O bildirib ki, bu baxımdan Ələt limanının imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda Bakı Beynəlxalq Dəniz Limanının illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması da bu strategiyanın tərkib hissəsidir.

E. Əmirov Xəzər dənizinin Azərbaycanın tranzit potensialında xüsusi rol oynadığını diqqətə çatdırıb:

"Orta Dəhlizin əsas seqmentlərindən biri Xəzərdən keçir. Mərkəzi Asiyanın Avropaya çıxışının Azərbaycan üzərindən təmin olunması, eləcə də Çinin Avropaya yükdaşımalarında Şimal və Cənub marşrutlarında yaranan geosiyasi risklər fonunda Xəzərdən keçən marşrutun əhəmiyyətinin artması Orta Dəhlizi Çin üçün də strateji istiqamətə çevirir. Bu amillər Azərbaycanın tranzit üzrə qarşıya qoyduğu hədəfləri daha real və perspektivli edir".

Ekspert Zəngəzur dəhlizinin də Azərbaycanın nəqliyyat strategiyasında mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, bu marşrut artıq yalnız Azərbaycanla Naxçıvan arasında bağlantı məsələsi kimi qiymətləndirilə bilməz:

"Zəngəzur dəhlizi Azərbaycan-Naxçıvan bağlantısı kontekstindən daha geniş məna daşıyır. Bu marşrut həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin müəyyən seqmenti ola bilər. Rəsmi məlumatlara əsasən, dəhlizin reallaşması Azərbaycanın nəqliyyat dəhlizləri üzrə yükdaşımalarının həcmini əlavə olaraq 15 milyon ton artıra bilər".

E. Əmirov hesab edir ki, qlobal geosiyasi vəziyyət də Azərbaycanın tranzit əhəmiyyətini artıran amillərdən biridir.

"Şimalda Rusiya-Ukrayna münaqişəsi, cənubda isə İran-ABŞ-İsrail arasında hərbi qarşıdurma fonunda regionda nəqliyyat marşrutlarının təhlükəsizliyi və alternativliyinə tələbat artır. Tərəflərin mövqelərinin bir-birindən kəskin fərqlənməsi bu proseslərin yaxın perspektivdə başa çatacağı ilə bağlı qeyri-müəyyənliyi artırır", - deyə o bildirib.

Ekspert qeyd edib ki, bu şəraitdə Şimal Buzlu okeanından Hind okeanına qədər uzanan coğrafiyada Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir:

"Bu coğrafiyada Azərbaycan siyasi və iqtisadi sabitliyi, nəqliyyat infrastrukturu və müxtəlif istiqamətləri birləşdirən marşrutları ilə fərqlənir. Eyni zamanda, Azərbaycanın qlobal nəqliyyat və iqtisadi əlaqələr sistemində rolu son illərdə genişlənib. Düşünürəm ki, Prezidentin çıxışında səsləndirdiyi fikirlərin arxasında məhz bu reallıqlar dayanır".