Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

3 Oktyabr 2026 20:37 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Aznews.az xəbər verir ki, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

Axtarış-xilasetmə əməliyyatları və yanğının fəsadlarının aradan qaldırılması başa çatıb.

Yanğın oktyabrın 1-də axşam Sergiyev Posad şəhər dairəsində zavodun istehsalat binalarından birində baş verib. Yanğın 1 000 kvadrat metr ərazini əhatə edib, 2 000 kvadrat metr ərazidə isə struktur çökməsi baş verib.

Binadan 40 nəfər təxliyə edilib.

Yanğının səbəbi və başvermə şəraiti araşdırılır.